Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır- Şərh
Türkiyə ABŞ və İran arasında əldə edilən atəşkəs rejimi ilə bağlı razılıqlarını alqışlayır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə birgə mətbuat konfransında söyləyib.
O bildirib ki hazırda sağlam düşüncə üstünlük təşkil etməli və tərəflərin bu məsələdə konstruktiv olması vacibdir.
“İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Hakan Fidanın ABŞ və İran arasında atəşkəsin bağlanmasını təbii qarşılamalıyıq:
“Belə ki, Türkiyə bu prosesdə yer alan əsas ölkələrdən biridir. Müharibədən əvvəl də Türkiyə diplomatik səylərini əsirgəməyən, danışıqlar yolu ilə problemin həlli üçün öz imkanlarını ortaya qoyub. Bu atəşkəsin əldə olunmasında Türkiyənin xüsusi rolunu qeyd etməliyik.
Suriyadakı proseslərə gəldikdə isə, hazırkı vəziyyətdə diqqət İran və ABŞ arasındakı qarşıdurmaya yönəldiyi üçün digər problemlər arxa planda qalmaqdadır. Bu baxımdan, atəşkəsin əldə olunması beynəlxalq ictimaiyyətin diqqətini digər məsələlərə də yönəldə bilər. O cümlədən, Suriyadakı proseslərə müsbət təsir göstərə bilər.
Bu atəşkəs Türkiyə-İran münasibətlərinə də müsbət təsir edə bilər. Lakin İranın davranışlarına diqqət yetirmək vacibdir. Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq tərəfdarı olub. Amma İranın son illərdəki rolu daha çox destruktiv fəaliyyətlə xarakterizə olunur. İranın Yaxın Şərqdə proksi qüvvələr yaratması və PKK-nı dəstəkləməsi bölgədə gərginlik yaradan əsas amillərdən biri kimi qiymətləndirilir. Türkiyə ərazisində fəaliyyət göstərən PKK-nın dəstəklənməsində İranın rolunu da unutmamalıyıq. Hətta bu məsələdə İranın, hazırda qarşıdurmada olduğu ABŞ ilə müəyyən əməkdaşlıq etdiyi də iddia olunur və bu, müxtəlif faktlarla əsaslandırılır.
İki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri əsasən İranın davranışlarından asılı olacaq. Əgər İran ənənəvi siyasətini davam etdirsə, zaman-zaman müxtəlif məsələlərdə fikir ayrılıqları və ziddiyyətlər ortaya çıxacaq.
Lakin İran qonşuları ilə normal münasibətlər qurmaq istəsə, Türkiyə ilə əlaqələrini də normallaşdıra bilər”.
Səadət Əlizadə