Türkiyədə məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı yeni göstərişlər verib. O, məktəb təhlükəsizliyinin artıq adi asayiş məsələsi olmadığını bildirərək, təhlükəsizlik əməkdaşlarının şagirdlər məktəbə gəlməzdən yarım saat əvvəl vəzifə yerlərində hazır olmalarını tapşırıb. Bu barədə keçirilən asayiş toplantısında polis və jandarma qurumlarına müvafiq göstərişlər verilib.
Nazir bildirib ki, ehtiyac olan məktəblərdə təhlükəsizlik keşikçiləri və mühafizəçilər vəzifələndiriləcək. Məktəblərin giriş-çıxış saatlarında, ətraf ərazilərdə, tərk edilmiş tikililərdə, məktəb avtobuslarında və şagirdlərin getdiyi məkanlarda yoxlamalar gücləndiriləcək.
Bununla yanaşı, ictimai asayiş, narkotiklərlə mübarizə, uşaqların müdafiəsi və yol hərəkəti təhlükəsizliyi istiqamətində nəzarət tədbirlərinin artırılması nəzərdə tutulur. Çiftçi xüsusilə dərslərin başlama və bitmə saatlarında, eləcə də günorta vaxtlarında məktəblərin ətrafında yoxlamaların daha intensiv və görünən şəkildə aparılmasının vacibliyini vurğulayıb.
TRT Haber
Fatimə Qulizadə