“Türkiyə kimi gücün kənarda saxlanması təhlükəsizlik baxımından doğru deyil” - ŞƏRH
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqının müdafiə təşəbbüslərində üzv olmayan ölkələrin kənarda saxlanılması ədalətli yanaşma deyil və regional təhlükəsizlik üçün daha inklüziv əməkdaşlıq vacibdir.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında qeyd edib ki, məsələni yalnız Avropa İttifaqı maraqları prizmasından qiymətləndirmək tam obyektiv yanaşma deyil və burada daha geniş geosiyasi reallıqlar nəzərə alınmalıdır:
“Əgər məsələyə sırf Avropa İttifaqının baxış bucağından yanaşsaq, doğrudan da onlar üçün qeyri-üzv ölkələrin iştirakı həyati əhəmiyyət daşımaya bilər. Çünki Aİ ölkələrinin hərbi-sənaye kompleksi kifayət qədər inkişaf edib və texnoloji baxımdan dünyanın qabaqcıl sistemlərindən biridir. Onlar öz daxilində müəyyən təhlükəsizlik mexanizmlərini formalaşdırmaq imkanına malikdirlər. Lakin müasir təhlükəsizlik anlayışı təkcə texnologiya ilə məhdudlaşmır. Burada canlı qüvvə, döyüş təcrübəsi və çevik hərbi strategiya da həlledici rol oynayır. Məhz bu nöqtədə Türkiyənin əhəmiyyəti daha aydın görünür. Türkiyə son onilliklərdə müxtəlif təhlükəsizlik çağırışları ilə üz-üzə qalıb və bu, onun real döyüş təcrübəsini artırıb. Terrorla mübarizə, regional münaqişələrdə iştirak və aktiv hərbi əməliyyatlar Türkiyənin ordusunu daha çevik və praktik baxımdan güclü edib. Avropa ölkələrinin əksəriyyəti isə uzun müddətdir birbaşa müharibə şəraitində iştirak etməyib və bu da onların cəmiyyətlərində hərbi hazırlıq səviyyəsinə təsir göstərib. Bu baxımdan Türkiyə Avropa üçün yalnız tərəfdaş yox, həm də tamamlayıcı güc rolunu oynaya bilər”.
Politoloq bildirib ki, Türkiyənin əsas narahatlığı daha dərin strateji məsələ ilə bağlıdır:
“Türkiyə anlayır ki, o, NATO üzvü olaraq Qərb təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Lakin Avropa İttifaqı ayrıca müdafiə təşəbbüsləri formalaşdırarsa və Türkiyəni bu prosesdən kənarda saxlayarsa, bu, gələcəkdə təhlükəsizlik arxitekturasında yeni bölünmələr yarada bilər. Ankara hesab edir ki, bu cür yanaşma uzunmüddətli perspektivdə həm Türkiyənin, həm də Avropanın təhlükəsizlik maraqlarına ziddir. Bu məsələ Türkiyənin Avropa ilə münasibətlərinə də təsirsiz deyil. Türkiyə bu proseslərdə aktiv iştirak etməklə yalnız hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də Avropa ilə inteqrasiyanı gücləndirmək istəyir. Belə əməkdaşlıq gələcəkdə Türkiyənin Avropa ilə münasibətlərində yeni mərhələnin başlanmasına səbəb ola bilər. Əks halda, qarşılıqlı etimadın zəifləməsi riski yaranır. Daha geniş əməkdaşlıq modeli bütün tərəflər üçün daha səmərəli ola bilər. Bu gün təhlükəsizlik artıq regional deyil, qlobal xarakter daşıyır. Bu səbəbdən qapalı təhlükəsizlik sistemləri effektiv olmaya bilər. Türkiyənin hərbi təcrübəsi, coğrafi mövqeyi və xüsusilə pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətlər Avropa üçün ciddi əlavə dəyər yaradır. Eyni zamanda Avropa ölkələrinin texnoloji və maliyyə resursları Türkiyə üçün faydalıdır. Qarşılıqlı əməkdaşlıq nəticəsində daha balanslı və dayanıqlı təhlükəsizlik sistemi formalaşa bilər”.
Sonda politoloq vurğulayıb ki, Ərdoğanın açıqlaması strateji mesaj xarakteri daşıyır:
“Bu bəyanat əslində Avropaya bir çağırışdır. Təhlükəsizlik məsələlərində daha açıq və inklüziv yanaşma tətbiq olunmalıdır. Türkiyə kimi regional gücün bu sistemdən kənarda saxlanılması gələcəkdə həm Avropa, həm də region üçün əlavə risklər yarada bilər. Ona görə də, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi daha rasional və uzunmüddətli baxımdan faydalı addım olar”.
Ayşə Müzəfərli