Tusk: Trampın Ukrayna mövqeyindəki dönüşün səbəbi fərqli ola bilər
Polşanın Baş naziri Donald Tusk bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini tez bitirmək vədindən geri çəkilir. Politico-nun məlumatına görə, Tusk bu qərarın arxasında “tamamilə fərqli səbəblər” ola biləcəyini vurğulayıb.
Mövzu ilə bağlı, siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ prezidenti açıq şəkildə bəyan edib: Avropa Birliyi və NATO ölkələri ilə birlikdə Amerika Birləşmiş Ştatları Ukraynaya kömək etməlidir və Ukrayna öz torpaqlarını tam azad edəcək:
“Əlavə olaraq bildirib ki, hələ bundan da artığını edəcək. Bu, o deməkdir ki, ABŞ NATO-nun əsas dövləti kimi prosesdə yaxından iştirak edəcək. Təbii ki, Avropa Birliyi və NATO-nun digər dövlətləri ilə birlikdə ABŞ prezidenti belə qənaətə gəlib ki, artıq Rusiya ilə anlaşmaq imkanları tükənib. Ona görə də NATO indi real gücünü göstərməlidir. Bu müsbət gedişdir və Ukraynanın öz torpaqlarını azad etməsi, Rusiyanı isə geri çəkilməyə məcbur etməsi üçün şansdır. Avropa Birliyi artıq müdafiə qabiliyyətini artırmaq qərarı verib. Ukrayna müharibəsi göstərib ki, Rusiya nəzarət altına alınmayıb və alınmayacaq. Buna görə Avropa Birliyi NATO-dan asılı olmadan, muxtar şəkildə hərbi gücünü artırmaq məcburiyyətindədir. Əvvəllər düşünürdik, Rusiya hücum etməz, NATO müdafiə üçün kifayətdir, amma bu reallığa uyğun deyil”.
Siyasi şərhçinin sözlərinə görə, reallıq göstərdi ki, NATO-nun və ABŞ-nın mövcudluğu Avropanın müdafiəsi üçün yetərli deyil:
“Avropa Birliyi özü özünü müdafiə edə biləcək qüdrətə sahib olmalıdır. Buna görə Ukrayna müharibəsi fonunda Avropa ölkələri müdafiə xərclərini artırmaq, güclü ordular yaratmaq, silah-sursat toplamaq və Rusiya hücumu halında müstəqil şəkildə cavab vermək qərarına gəliblər. Polşanın əsas vəzifəsi Rusiyanın Ukraynada dayandırılmasıdır. Çünki Rusiya rəhbərləri tez-tez bildirirlər ki, ‘Polşa bizim torpağımız olub, Böyük Rusiya imperiyasının tərkibində yer alıb, Polşanı biz yaratdıq, bu, Polşa üçün açıq təhlükədir. Buna görə Polşa hazırkı vəziyyətdə Ukrayna ilə münaqişə deyil, ittifaq marağındadır. Ukraynaya mümkün qədər çox dəstək verərək Rusiyanın orada dayandırılmasını istəyir. Ukrayna-Polşa münasibətlərində gərginlik gözlənilmir, əksinə, əməkdaşlıq zəruridir”.
Mələk Hüseynova