Ufuk Turganer: “Kipr məsələsi ədalətli həllini tapmalıdır”
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı təmsilçisi Ufuk Turganer, ölkəsinin müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib. O, Gürcüstandakı təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyib və Azərbaycanı Vətən müharibəsində əldə edilən qələbənin 5-ci ildönümü münasibətilə təbrik edib Diplomat həmçinin qeyd edib ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusla çıxış etməsi ölkəsi üçün böyük məsuliyyətdir. Onun sözlərinə görə, hazırda türk dünyasından 50 min tələbə ŞKTR-də təhsil alır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki,İlk olaraq onu qeyd etmək lazımdır ki, Kipr məsələsinin ədalətli həlli zamanı həm Rum, həm də Türkiyə Cümhuriyyətinin hüquqlarının bərabər şəkildə tanınması nəzərdə tutulur:
"Diqqət yetirsək, Cənubi Kipr Respublikasının müstəqilliyi bir çox dövlətlər tərəfindən tanındığı halda, təəssüf ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi ilə bağlı eyni yanaşmanı müşahidə etmirik. Bu isə onun uzun illərdir blokada şəraitində saxlanmasına səbəb olan əsas amillərdən biridir.
Beynəlxalq sistemdə milli dövlətlərin müstəqilliyinin tanınması onların regional və qlobal sistemə inteqrasiyasının əsas şərtlərindən biridir. Lakin Şimali Kipr Türk Cümhuriyyəti diplomatik münasibətlərin qurulması üçün hüquqi əsasların olmaması səbəbindən həm beynəlxalq təşkilatlarda təmsilçilikdə, həm də ikitərəfli münasibətlərin qurulmasında ciddi problemlərlə üzləşir. Dünya dövlətləri bu məsələdə hələ də ehtiyatlı və çəkingən mövqe sərgiləyirlər.
Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusunun verilməsi, onun blokadadan çıxarılması və təcrid siyasətinə qarşı atılan müsbət bir addım kimi dəyərləndirilə bilər. Əlbəttə, tamhüquqlu üzvlük məsələsi hələ qarşıdadır. Bunun üçün isə bir sıra dövlətlər tərəfindən Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində real hüquqi addımların atılması vacibdir.
Xüsusilə türk dünyası daxilində bu tanınma prosesi tamamlandıqdan sonra Türk Dövlətləri Təşkilatında tamhüquqlu üzvlük gündəmə gətirilə bilər. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi bu dövləti təcriddən çıxarmaq üçün mühüm rol oynayır. Bu əlaqələrin dərinləşməsi Şimali Kiprin həm regional, həm də qlobal səviyyədə mövqeyini möhkəmləndirə bilər. Bu eyni zamanda digər türk dövlətləri üçün də nümunə olacaq və onları Şimali Kipr ilə ikitərəfli münasibətlərin qurulmasına təşviq edə bilər. Beləliklə, Azərbaycan-Şimali Kipr əlaqələri, xüsusilə iqtisadi əməkdaşlıq, türk dünyasında və geniş coğrafiyada təsirli bir model kimi çıxış edə bilər".
Aişə Mustafayeva