Uitkofdan görüşlə bağlı açıqlama
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff X səhifəsində bildirib ki, Berlində Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş var.
O bildirib ki, görüş 5 saatdan çox davam edib və sülh planı, iqtisadi proqramlar və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Berlində baş tutan görüş sabah davam etdiriləcək.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, mövcud situasiyanı sülhə yaxınlaşmaq kimi dəyərləndirmək çətindir:
“Sülh danışıqları Ukrayna savaşının inkişaf istiqamətlərinə yalnız və yalnız neqativ təsir göstərir. Çünki sülh danışıqlarının tərəfləri masa arxasında daha üstün mövqelər qazanmaq üçün, öz şərtlərini diktə etmək imkanları qazanmaq üçün hərbi əməliyyatları genişləndirərək təzyiqi artırmağa çalışırlar. Bunu xüsusilə də Rusiya edir. Bu baxımdan hesab etmək olar ki, sülh danışıqlarına paralel şəkildə savaş meydanında da situasiya gərginləşir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, sülh danışıqlarında real nəticələrin əldə edilməsi də olduqca qəliz məsələdir. Çünki bu sülh prosesində yalnız Rusiya və Ukraynanın deyil, bir çox dövlətlərin xüsusi maraqları mövcuddur. Bu sıraya ABŞ-nin, AB-nin, eləcə də Avropanın nəhəng dövləti olan Böyük Britaniyanın və bütövlükdə də NATO da daxil olmaqla kollektiv Qərbin çox ziddiyyətli, fərqli maraqları mövcuddur. Hərkəs də yalnız öz maraqlarının təmin olunmasına çalışır. ABŞ üçün əsas məsələ ondan ibarətdir ki, nəyin bahasına olursa, olsun, sülh sazişi imzalansın. Bunun sayəsində birinci növbədə ABŞ Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı sazişin icrasına başlamağı hədəfləyir. Çünki müharibə şəraitində bunu etmək mümkün deyil. Savaş dayandıqda, ən azından atəşkəs elan olunduqda ABŞ şirkətləri Ukrayna təbii sərvətlərinin istismarına başlamaq imkanı qazanacaqlar. Digər tərəfdən ABŞ-yə Kreml tərəfindən Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsi, yəni ilkin məlumata görə təxminən yüz milyardlıq bir hissəsi vəd olunub. Ona paralel olaraq Rusiya biznes dairələri ABŞ-nin şirkətlərinə, xüsusilə də Tramp ailəsinə yaxın olan şirkətlərə on milyardlarla məbləği olan biznes layihələri təklif ediblər. Yəni bu da nəhəng məbləğlər deməkdir. Ona görə də, Tramp administrasiyası üçün Ukrayna savaşının dayandırılması olduqca vacibdir. Hələlik müşahidə olunan ondan ibarətdir ki, sülh danışıqları o qədər də böyük sürətlə getmir və mövcud situasiyanı sülhə yaxınlaşma kimi dəyərləndirmək kifayət qədər çətindir”.
Lalə Qurbanlı
