Ukrayna bu müqavilə ilə tələyə salındı
Ukrayna ABŞ ilə bağladığı faydalı qazıntı müqaviləsi ilə tələyə salındı, bunu Ukraynanın keçmiş xarici işlər naziri, Ukraynanın Böyük Britaniyadakı keçmiş səfiri Vadim Pristayko deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, məsələ ondadır ki, böyük dövlətlər həmişə zəif ölkələri, zəif tərəfləri istismar etməyə çalışırlar:
"Onların hazırlıqsızlığından istifadə edir, daha doğrusu, sui-istifadə edirlər. İndiki halda isə biz görürük ki, Ukraynanın beynəlxalq qüvvələr qarşısında tab gətirmək üçün kifayət qədər hazırlığı yoxdur. Təbii ki, güclü dövlətlər həmişə zəiflərin həssas nöqtələrindən yararlanır və buna görə də üstünlüyü əldə saxlayırlar.Amma zəif dövlətlərin qarşısında duran əsas məsələ odur ki, onlar böyüklərin oyunlarına asanlıqla qoşulmasınlar, onların tələsinə düşməsinlər. Hazırda isə görürük ki, Ukrayna hökuməti, başda Zelenski olmaqla, əlverişsiz gedişlərə yol verir. O çalışır ki, bir tərəfdən özünü fəal göstərsin, digər tərəfdən isə guya müqavimət gücünə sahib olduğunu nümayiş etdirsin. Zelenski çalışır ki, Ukrayna üçün əlverişli şərait yaratsın, amma əslində vəziyyət tamamilə başqa cürdür.Artıq Ukraynanın strateji resursları tükənmək üzrədir. Hərbi sənaye kompleksi, ordusu və digər imkanları olsa da, müqavimət gücünü itirir. Mənim fikrimcə, burada Zelenskinin böyük məsuliyyəti var. Söhbət təkcə onun prezidentlik müddətinin bitməsindən getmir. Ukraynanın rəhbərliyi bu gün son dərəcə praqmatik mövqe nümayiş etdirməli, xarici qüvvələrin oyunlarına alət olmadığını göstərməlidir. Amma Zelenski bunu etmir, əksinə Avropa qarşısında tam təslimçi mövqe tutur və hər cür asılılığı qəbul edir.Digər tərəfdən Avropanın da vəziyyəti yaxşı deyil. Onların cəbhə ehtiyatları tükənib, qalan silah və texnikanı Ukraynaya veriblər. Lakin Ukrayna Rusiyanın hərbi gücü qarşısında dayana bilmir. Çünki Rusiya hərbi sənaye kompleksini tam gücü ilə işlədir, ordusunu daim gücləndirir. Bu proseslər Ukraynanın getdikcə zəiflədiyini göstərir. Onun müharibədə dönüş yaratmaq, təşəbbüsü ələ almaq potensialı yoxdur.Bu şəraitdə Zelenski ən doğru addım kimi müharibənin dayandırılmasına çalışmalıdır. Əgər o həqiqətən Ukrayna xalqının maraqlarını düşünürsə, real vəziyyəti qəbul etməlidir. Çünki ölkənin bütün resurslarını müharibəyə sərf etmək düzgün mövqe deyil. Ukraynanın yeni nəsli, gələcəyi var və bu gələcək haqqında düşünmək lazımdır. Bütün sərvətləri, ehtiyatları müharibəyə xərcləyib ölkəni boşaltmaq dövlətin gələcəyinə xidmət etmir.Ona görə də məncə, Zelenski ya hakimiyyətdən getməli, səlahiyyət müddətinin bitdiyini etiraf etməlidir, ya da qaldığı halda elə gedişlər etməlidir ki, Qərbdən elə bir real dəstək alsın ki, bu, döyüş meydanında dönüş yarada bilsin. Amma mən belə bir dönüşün olacağına inanmıram".
Qəmər Kazımzadə