Ukrayna daha üç il döyüşəcək, Putin isə...
Ukrayna daha üç il döyüşməyə hazırdır, lakin Rusiya Prezidenti Vladimir Putin bu qədər uzun müddət dözə bilməyəcək. Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Polşa xarici işlər naziri vəziyyəti düzgün qiymətləndirir:
“Artıq uzun müddətdir davam edən müharibə Rusiya iqtisadiyyatını çətin duruma salıb. Qərbin sanksiyaları isə bu iqtisadi tənəzzülü daha da sürətləndirir. Trampın “Rosneft” və “Lukoyl” kimi əsas neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi Kremlin ən böyük gəlir mənbəyini zəiflədir. Məhz bunun nəticəsidir ki, daim radikal mövqeyi ilə seçilən Lavrov Rusiyanın Ukraynada müharibəni dayandırmaq üçün danışıqlara hazır olduğunu bəyan edir. Peskov isə sanki vəziyyətdən çıxış yolu axtarır və bildirir ki, ümid edirlər, Tramp hələ də Ukrayna probleminin siyasi-diplomatik yolla həllinə yardım etməyə hazırdır. ABŞ Prezidenti bununla da kifayətlənmir və Rusiyadan ən çox neft alan ölkələrə təzyiqləri artırır. Xüsusilə Çin və Hindistan indi Rusiya neftindən tədricən imtina etməyə başlayır. Bu amil Rusiya rəhbərliyini Trampın sülh təklifini yenidən nəzərdən keçirməyə vadar edir. Çünki proses bu şəkildə davam edərsə, Rusiya iqtisadiyyatı üç il yox, hətta bir il belə tab gətirə bilməyəcək. Digər tərəfdən, Ukraynanın Rusiyanın neft emalı zavodlarını hədəfə alması da Moskvanın iqtisadi çöküşünü sürətləndirir. Əgər Rusiya Trampın sülh şərtlərini qəbul etməsə, ABŞ və Avropa İttifaqının sanksiyaları daha da sərtləşdirəcəyi, həmçinin Ukraynaya yardımını artıracağı gözlənilir. Bu isə Rusiya üçün iqtisadi tənəzzüllə yanaşı, cəbhədə hərbi məğlubiyyəti də qaçılmaz edəcək”.
Qəmər Kazımzadə