Ukrayna enerji infrastrukturunu nişan alır
Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Ukrayna dronlarının Rusiyanın enerji infrastrukturlarına hücumları intensivləşib. Son hücum “Lukoyl” şirkətinə məxsus qaz emalı zavodunu hədəfə alıb.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan "İnformator.az" a bildirib ki, ümumiyyətlə Ukraynanın döyüş taktikası əsasən Rusiyanın enerji infrastruktunun məhv edilməsi üzərində qurulub:
"Bu taktika isə artıq öz nəticəsini verir. Rusiyada ciddi enerji qıtlığı yaranıb. Trampın da Rusiyaya qarşı siyasətini dəyişməsi və Ukraynaya yeni qanadlı raketlərin göndərilməsinə qərar verməsi Moskvada ciddi narahatlıq yaradır. Çünki yeni raketlər Rusiyanın Uraladək olan bütün şəhərlərini zərbə altında qoya bilər. Həmin şəhərlərin yaxınlığında olan enerji infrastrukturlarının isə ilk hədəf olacağını proqnozlaşdırmaq çətin deyil. Bütün bunlar Rusiya üçün daha böyük siyasi, hərbi və iqtisadi problemlər yaradır. Onsuzda iqtisadiyyatı enerji ixracından asılı olan bir ölkə bu hücumlarla demək daha çətin günlərini yaşayacaq, Ukrayna cəbhədə üstünlüyü ələ alacaq və hərbi üstünlüyü əldən verən rəsmi Moskva Qərbin təzyiqlərinə tab gətirə bilməyəcək. Nəticədə Rusiya rəhbərliyini Trampla yenidən dil tapmağa çalışacaq".
Türkan Kərimli
