Ukrayna konflikti yaxın günlərdə başa çatacaq
Almaniya kansleri Fridrix Merz bildirib ki, yaxın zamanda Ukrayna konflikti nizamlana bilər.
O bildirib ki, hazırda intensiv diplomatik işlər aparılır və bunun müsbət nəticələnəcəyini istisna etməyib:
“İndi başlayan diplomatik proses ümid edirik ki, nəinki qarşıdakı həftələrdə davam edəcək, hətta bəlkə də başa çatacaq”.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna məsələsinin əsas mahiyyəti artıq arxa planda həll olunub:
“Ukrayna probleminin həll olunması üçün müvafiq addımlar atılır. Təbii ki, əvvəlcədən müəyyən olunduğu kimi bu məsələnin alt qatdakı əsas mahiyyəti həll olunub. Yaxın Şərqdə İsrailin müqtədir gücə çevrilməsi üçün Rusiyanın da dəstəyi vacibdir. ABŞ-nin Prezidenti Donald Trampın Rusiyaya meylli olması da onunla bağlıdır ki, Yaxın Şərq məsələsində yeni layihənin həyata keçirilməsi Moskva və Vaşinqtonun müştərək hərəkəti ilə baş tutur. Qərbin, xüsusən də ABŞ-nin ideoloji - siyasi institutları yəhudi əsilli şəxsin Ukraynada prezident olmasına nail olaraq süni şəkildə Rusiyanı müharibəyə təhrik ediblər və nəzərdə tutulan qədər ərazinin tutulmasına şərait yaradılıb. AB isə elə davranıb ki, sanki bu plandan xəbərsizdir. Ukrayna hətta bir müddət AB-yi qınayıb və kifayət qədər dəstək verməməkdə onları ittiham edib. Təbii ki, AB Rusiyaya lazım olan ərazilərin tutulması başa çatana qədər mövqeyini qorumalı idi. Məqsəd isə Ukraynanı iki yerə bölməkdir. Rusiyanın tutduğu ərazilər geri qaytarılmayacaq, əsas hissə isə gələcəkdə AB-yə üzv olacaq. Rusiya isə buna qarşılıq olaraq Yaxın Şərqdə ABŞ-nin və İsrailin birgə planlarına nəinki mane olmayacaq, hətta dəstək verəcək. Yeni dünya düzəni layihəsinin tərkib hissəsi olaraq əsas məqsəd Rusiyanı Türkiyədən, İrandan, ümumiyyətlə müsəlman aləmindən qoparmaqdır. Trampın böyük səylə Rusiya ilə əlaqələri dərinləşdirmək cəhdləri də bununla bağlıdır. Eyni zamanda ABŞ öz rəqibi Çin ilə Rusiyanın davamlı yaxınlaşmaqda olan əlaqələrini də bu yolla minimuma endirmək istəyir. Avropa ilə ABŞ-nin arasında olan ziddiyətlərin alt qatında əslinə bu məsələ durur. Çünki bəzi Avropa ölkələri Ukraynanın parçalanmasını qəbul etmirlər. Hazırda isə Avropa ABŞ-nin demək olar ki, başa çatmaqda olan planının nəticəsi ilə barışmağa məcburdur. Almaniya kansleri Fridrix Merzin açıqlaması artıq bunu təsdiq edir”.
Ekspert qeyd edib ki, Ukrayna və Rusiya arasındakı müharibəni sona çatmış hesab etmək olar:
“Yaxın həftələrdə məsələnin əsas hissəsinin həlli başa çatacaq. Sülh əldə olunacaq, Ukrayna və Rusiya arasındakı məsələ bitdikdən sonra planın ən əsas hissəsi İran, Livan, Fələstin, Suriya mövzusuna giriş ediləcək. Odur ki, İsrailin nəinki təkcə Qəzzada, ümumiyyətlə bütün Yaxın Şərqdə təsirini dəf etmək istədiyi əsas güc Türkiyədir. Rusiya ABŞ-nin Yaxın Şərq planında Türkiyə, İran və digərlərinin maraqlarının əksinə siyasətini dəyişərsə, Türkiyə ilə münasibətləri gərginləşə bilər ki, bu da İsrail üçün arzuediləndir. Yaxud İranla bağlı Suriyada olduğu kimi son anda Rusiyanın əlini üzərindən çəkməsi tələb olunacaq. Yəni, hazırki sülh prosesində Rusiyaya edilən güzəşt və Ukraynanın maraqları əleyhinə razılaşma qarşıdakı proseslərdə əvəzlənəcək. Rusiyadan tələb olunacaq ki, İranla münasibətləri minimuma endirib Çinlə deyil ABŞ-nin özü ilə iqtisadi, ticari əlaqələri inkişaf etdirsin. Sülhün əldə olunması artıq labüddür. Çünki tezliklə Ukrayna - Rusiya məsələsi həllini tapmalıdır ki, Yaxın Şərqdə təməli qoyulub, lakin davamı gəlməyən "sülh" prosesinin əsas mərhələsinə keçilsin. Qəzzada beynəlxalq statuslu nəzarətin vacibliyi və digər məsələlərdə Rusiyanın ya neytral qalmasının, ya da birbaşa İsrail tərəfindən mövqe sərgiləməsinin şahidi olacağıq. Hər bir halda artıq Ukrayna və Rusiya arasındakı müharibəni sona çatmış hesab edə bilərik”.
Lalə Qurbanlı
