Ukrayna “Lukoil”ə məxsus neft-kimya zavoduna dron zərbəsi endirib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna dron zərbəsi endirib. Hücum nəticəsində obyektin sənaye zonasında yanğın baş verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu cür hücumlar və ya planlar əsasən taktiki əhəmiyyət daşıyır:
"Strateji baxımdan isə ciddi bir dəyişiklik yaratmır. Əgər bu zərbələr davamlı şəkildə, məsələn, 2-3 ay ard-arda baş versə, o zaman strateji nəticələrdən danışmaq olar. Amma bir dəfəlik və ya ara-sıra baş verən hücumların strateji nəticəsi olmur. Təbii ki, bu cür hücumlar taktiki baxımdan əhəmiyyətlidir. Xüsusilə, də Rusiya üçün vacib olan neft obyektlərinin hədəf alınması, həm onun neft təchizatına, həm də neftin dünya bazarındakı qiymətlərinə müəyyən təsir göstərə bilir. Ancaq bu, yenə də qısamüddətli və məhdud təsirdir. Bu məsələni belə ifadə etmək olar ki, bir zavodun vurulması ilə heç nə dəyişmir.Əgər, həqiqətən, nəsə dəyişəcəkdisə, 10-15, bəlkə 20-25 zavod sıradan çıxmalıdır ki, bu zaman ciddi strateji nəticələrdən danışmaq olar. Yəni beynəlxalq miqyasda və ümumi geosiyasi baxımdan bir zavodun vurulması ilə nəyinsə dəyişməsi real deyil".
Aişə Mustafayeva
