00:00:00
Yazar
Admin User
08.09.2025 11:57 115 3 dəq oxuma
Siyasət

Ukrayna müharibəsi tarixində ən böyük hücum...

Ukrayna müharibəsi tarixində ən böyük hücum...

Rusiyanın sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir.

Bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.


“İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki ofisinə olub”, - o bildirib.


O xatırladıb ki, iki həftə əvvəl Ukraynada səfərdə olarkən Baş nazir Yuliya Sviridenko ilə birlikdə gecə rusların vurduğu hökumət binasında olublar.


Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya hazırda ən son hücumunda hökumət binalarına zərbələr endirməklə diplomatik həll yolunu bağlamaq istəmir:

 

“Əksinə, Moskva üçün də atəşkəs, bəlkə də sülh danışıqları Ukrayna qədər vacibdir. Çünki artıq Rusiyanın daxilində iqtisadi çətinliklər özünü göstərməyə başlayıb”.


Siyasi şərhçi qeyd edib ki, neft gəlirlərində rəsmi məlumata görə təxminən 20 faiz azalma var:


“Bu, dövlət büdcəsində boşluqlar yaradır, sosial rifaha təsir edir. Zamanla bu proses Rusiyanın hərbi büdcəsinə də təsirsiz ötüşməyəcək, ordunun hərbi-texniki üstünlüyünü zəiflədə bilər. Buna görə də Rusiya atəşkəsdən və ya mümkün olarsa, sülh razılaşmasından yanadır. Hazırkı zərbələr isə daha çox güc nümayişidir — həm Ukraynaya, həm də onun dəstəkçiləri olan Qərb dövlətlərinə və ABŞ-yə göstərmək istəyir ki, hərbi-texniki imkanları hələ də genişdir, dağıdıcı zərbələr endirə bilir.


Bu, əslində təzyiq alətidir. Məqsəd odur ki, danışıqlar masasında atəşkəslə bağlı qərarlar qəbul edilərkən Rusiyanın şərtləri nəzərə alınsın və Moskva diktə edən tərəfə çevrilsin. Yəni bu zərbələr bir vasitədir. Bu hücum, təbii ki, Ukrayna ilə bağlı danışıqlarda çətinliklər yaradacaq. Çünki Ukraynanın mövqeyi əvvəldən bəllidir: heç bir ərazi güzəşti etmədən müstəqilliyini qoruyaraq sona qədər döyüşmək”.


Həşim Səhrablı bildirib ki, Qərb və ABŞ-nin geri çəkilməsi gözlənilmir:


“Çünki müharibə onların torpağında getmir, məhv edilən binalar, dağıdılan infrastruktur, itirilən həyat onların deyil. Onların məqsədi öz strateji maraqlarını qorumaqdır və bunun üçün Ukraynaya hər cür dəstək verməyə hazırdırlar.


Bu səbəbdən düşünmürəm ki, Qərb və ya ABŞ Rusiyanın zərbələrindən qorxub müharibəni öz maraqlarına uyğun şəkildə bitirməyə çalışacaq. Əksinə, bu hücumlar Ukraynanın silahlandırılmasına, xüsusən müdafiə üçün lazım olan silahların verilməsinə dair daha sərt və qətiyyətli qərarların qəbuluna gətirib çıxara bilər.


Onsuz da Ukraynaya qarşı Rusiya işğalı ilk gündən beynəlxalq reaksiyalara səbəb olub. Rusiyanı dəstəkləyən azsaylı dövlətlər istisna olmaqla, dünyanın böyük əksəriyyəti və sivil ölkələr Rusiyanı işğalçı tərəf kimi tanıyıb, Ukraynanın ərazi bütövlüyünə dəstək verib. Bu, diplomatik baxımdan daha böyük dəstək ola bilməz”.


Həşim Səhrablı son olaraq açıqlamasına əlavə edib ki, son hücumdan sonra bir sıra dövlətlər artıq bu addımı pisləyib, Rusiyanın sülh prosesinə maneə yaratdığını bəyan ediblər:


“Deməli, sivil ölkələr və demokratik təsisatlar bu məsələyə lazımi qiymət veriblər və verməyə də davam edəcəklər.


Dünənki hücum bir daha göstərdi ki, Rusiyayla xoş danışıqlar aparmaq, hüquq və ədaləti sivil üsullarla izah etmək mümkün deyil. Qarşımızda aqressiv bir tərəf var və onu sakitləşdirməyin, beynəlxalq hüququ və sabitliyi qorumağın yeganə yolu — anladığı dildə cavab verməkdir.


Əgər Rusiyanı real həqiqətə gətirmək, ədalətə yönəltmək istəyirsənsə, sadəcə bir yol var — gücə qarşı güc diplomatiyası. Artıq bu nöqtədə Vaşinqtonda Avropa liderləri ilə Donald Tramp arasında keçiriləcək görüşdə bu məsələ də müzakirə olunacaq və Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi razılaşdırılacaq”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər