Ukrayna Prezidenti dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Rusiyanın silahlı təcavüzü şəraitində Ukraynaya göstərilən həmrəylik və praktiki dəstəyə görə Azərbaycana təşəkkür edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliuev bildirib ki, münaqişə başlayandan Azərbaycanın Ukrayna ilə münasibətləri özünün prinsipial xarakteri ilə seçilir. Yəni baxmayaraq ki, Rusiya ilə Azərbaycan bu təcavüz başlayanda strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar:
“Amma Azərbaycan baş verən münaqişəyə özünün beynəlxalq, prinsipial və praktik mövqeyini bildirməkdən çəkinmədi. Bu, konkret şəraitdə Azərbaycanın göstərdiyi çox cəsarətli xarici siyasət nümunəsi idi. Baxmayaraq ki, elə o dövrdə Ukrayna münaqişəsini Azərbaycanın prinsipial münasibətinə görə bəziləri Azərbaycanın əvəzindən qorxmağa başlamışdılar ki, bu, Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq, Azərbaycanı çətin vəziyyətdə qoyacaq. Amma Azərbaycan bunu beynəlxalq hüquq normalarına və geosiyasi reallıqlara uyğun olaraq seçdiyinə görə heç bir problem yaranmadı. Amma əlbəttə, Azərbaycanın Ukraynanın təbii haqlarını, hüquqlarını müdafiə etməsi, ona humanitar yardımlar göstərməsi, təbii ki, Azərbaycan üçün müəyyən çətinliklər yaradırdı. Xüsusilə də Ukraynaya qarşı edilmiş təcavüzün arxasında dayanan və onları dəstəkləyən qüvvələr yaradırdı. Biz Azərbaycana qarşı zaman-zaman neqativ münasibətlərin şahidi olmuşuq. Azərbaycanın Ukrayna məsələsi ətrafında diplomatik manevr siyasəti ideal kursdur. Düşünürəm ki, bu kurs özünün obyektiv və gözlənilən nəticələrini hər zaman verəcək. Azərbaycanın Ukrayna ilə münasibətləri dediyim kimi, həm ikitərəfli müstəvidə, həm də beynəlxalq müstəvidə uğurla davam edir. Azərbaycan Ukrayna münasibətləri indiki şəraitdə Ukraynanın beynəlxalq hüquqi haqlarının müdafiəsi və Ukraynanın məruz qaldığı təcavüz nəticəsində yaşadığı humanitar problemlərin həllinə verilən dəstək formasında özünü göstərir. Fikrimcə, bu, ən ideal seçimlərdir. Həm Ukraynanın beynəlxalq hüquqi haqları müdafiə olunur, həm də təcavüzdən əziyyət çəkən və yaranmış humanitar problemlərin həllində Ukraynaya lazımi dəstəyi Azərbaycan göstərir. Artıq ortada faktlar var. 10 milyon dollara yaxın Azərbaycanın Ukraynaya humanitar yardımları var. Ukraynaya birbaşa ərzaq yardımları, enerji daşıyıcıları nöqteyi-nəzərindən göstərilən yardımlar Ukrayna üçün çox qiymətlidir. Eləcə də, ukraynalı uşaqların və qaçqınların Bakıda - Azərbaycanda yerləşdirilməsi formasında Azərbaycanın əvəzsiz dəstəkləri var. Aydın məsələdir ki, üzdə açıq şəkildə Rusiyadan Azərbaycana qarşı hər hansı bir irad səslənə bilməzdi, səslənmədi. Çünki Azərbaycanın münasibəti həm beynəlxalq hüquqa uyğun idi, həm beynəlxalq humanitar prinsiplərə uyğun idi, həm də Azərbaycanın özü xarici təcavüzdən illər boyu əziyyət çəkən bir ölkə olaraq yaşadığı acı tarixdən obyektiv nəticəni çıxartmışdı. Bütün bunları saydığım bu üç arqumentin qabağında Kremlin qüvvələri belə Ukrayna siyasətinə görə Azərbaycana qarşı açıq irad tutmaq, Azərbaycanın əleyhinə hərəkət etməyə cəsarətləri çatmadı. Amma etiraf etmək lazımdır ki, Azərbaycan Ukraynaya sərgilədiyi bu obyektiv münasibətin əllərini zaman-zaman hiss eləyib. Çünki Azərbaycana qarşı bu siyasətə görə lazım olmayan münasibət göstərən beynəlxalq qüvvələr olub. Əslində, Azərbaycanın Ukraynaya görə məruz qaldığı həmin o təzyiqlər, qaralamalar uğurla həll olundu və bu da Azərbaycanın gücünü göstərən amillərdən biridir. Həm Ukrayna obyektiv münasibət göstərdi, həm bu obyektiv münasibətə görə məruz qaldığı qərəzli, qısqanc reaksiyalara cavab verə bildi. Həm də bütün təzyiqləri tam şəkildə neytrallaşdırmağa gücü çatdı “.
Reyhan Quliyeva
