Ukrayna Prezidenti Rusiyanın gecə hücumuna münasibət bildirib
"Əsl diplomatiyanın başlaya biləcəyi bir vaxtda Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər qəsdən törədilmiş cinayət və müharibənin uzanmasıdır".
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, Rusiyanın Ukrayna savaşı ilə bağlı apardığı siyasət aqressiya məzmunu daşıyır:
"Rusiya neoimperialist işğalçı dövlət kimi davranır. Əsas məqsəd ondan ibarətdir ki, Ukrayna savaşının nizamlanması prosesi mümkün qədər qəliz bir situasiyaya doğru istiqamətlənsin və bu qəliz situasiyanın aradan qaldırılmasında Kreml əsas söz sahibi olsun. Kremlin can atdığı əsas hədəf ondan ibarətdir ki, Ukrayna savaşı dayandırılsın, ancaq sülh sazişinin məzmununu Rusiyanın şərtləri müəyyən etsin. Yəni Rusiya öz maraqlarına uyğun şərtlər daxilində sülh sazişini hazırlayıb Ukrayna və NATO üzvü olan Qərb dövlətlərinin qarşısına qoysun və həm Ukrayna, həm də Qərb dövlətləri həmin sazişi qəbul etsin. Kreml əsas hədəf olaraq Ukrayna savaşının həm Ukraynanın, həm də Qərb dövlətlərinin kapitulyasiyası çərçivəsində dayandırılmasına cəhd göstərir. Təbii ki, hələlik Rusiyanın bu cəhdlərinə müqavimət göstərilir. Ona görə də Rusiya Ukraynaya daha ağır zərbələr endirməklə həm Ukraynanı, həm də Qərbi Rusiyanın şərtlərini qəbul etməyə məcbur buraxmaq istəyir. Əsas məqsədi isə ondan ibarətdir ki, Rusiya bu savaşdan qalib görkəmində çıxa bilsin. Əks halda bu, Kremlin geopolitik maraqlarına qətiyyən cavab vermir. Təbii ki, Kreml belə davrandıqca sülh prosesi də düyünə düşür. Qərbdə Rusiyaya qarşı münasibət daha da sərtləşir. Eyni zamanda Tramp da Putindən məyusluğunu ifadə edir və Rusiyaya qarşı daha ağır sanksiyaların qəbul olunma məsələsini ön plana çıxarır. Bu baxımdan hesab etmək olar ki, Kreml bu cür davrandıqca, yaxın gələcəkdə Ukrayna savaşının dayandırılma ehtimalı aradan qalxmış olur. Savaşın uzanma ehtimalı daha inandırıcı görünür və böyük ehtimalla bu proseslər eyni ilə davam edərsə, yaxın gələcəkdə Rusiyaya qarşı ABŞ və Qərbin daha dağıdıcı sanksiyalar tətbiq etməsi və Ukraynanın ən müasir hücum silahları ilə silahlandırılması ilə nəticələnə bilər".
Fatimə Heydərova