00:00:00
Yazar
Güllər Gülhüseynova
22.05.2026 14:50 39 2 dəq oxuma
Siyasət

Ukrayna Rusiyanın strateji hədəfini vurub

Ukrayna Rusiyanın strateji hədəfini vurub

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərargahına zərbə endirib, "Pantsir-S1"i məhv edib.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, hücum kifayət qədər təsirli olub:

 

“Deyilənlərə görə, orada təkcə texniki itkilər deyil, həm də canlı qüvvə itkisi qeydə alınıb. İlk dəfədir ki, Ukrayna Rusiya ərazisinin dərinliklərində belə əməliyyat həyata keçirir. Hər halda, kifayət qədər ciddi nəticələr doğuran bir hadisədir. Təbii ki, qarşı tərəfin də müəyyən addımlar atması və cavab zərbələri endirməsi ehtimalı var. İndi onların buna nə dərəcədə nail olacağını demək çətindir. Amma bütün hallarda baş verənlər onu göstərir ki, Ukrayna artıq kifayət qədər rəqabətqabiliyyətlidir və Rusiyanın istənilən nöqtəsini vura, istənilən hədəfini zərərsizləşdirə bilir. Əlbəttə, bunların gələcək danışıqlara ciddi təsiri olacağı hələlik inandırıcı görünmür. Ümumiyyətlə, hazırda danışıqların necə və nə vaxt baş tutacağı ilə bağlı yekun qərar yoxdur. Ukrayna hər zaman danışıqlara hazır olduğunu bildirir. Rusiya tərəfi isə daha çox öz məqsədlərinə çatdıqdan sonra danışıqlara meyilli görünür. Bütün hallarda bu hadisə ayrıca bir epizod kimi qiymətləndirilməlidir. Aydın görünür ki, müharibə davam edir və tərəflər bacardıqları qədər öz güclərini və imkanlarını nümayiş etdirməyə çalışırlar. Bu hadisə müharibənin genişlənməsi riskini yaratmır. Çünki Rusiya-Ukrayna müharibəsi artıq kifayət qədər geniş coğrafiyanı əhatə edir. Söhbət yalnız cəbhə xəttindən getmir. Həm Ukraynanın, həm də Rusiyanın şəhərləri və strateji dərinlikləri artıq müharibə məkanına çevrilib. Bu baxımdan, Ukrayna tərəfinin həyata keçirdiyi əməliyyat uğurlu hərbi əməliyyatlardan biri kimi tarixdə qala bilər”.

 

Güllər Gülhüseynova

#Ukrayna #Rusiya #müharibə #sülh #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər