00:00:00
Yazar
Admin User
10.10.2025 16:38 123 2 dəq oxuma
Siyasət

Ukrayna Türkiyəyə hərbçi göndərəcək

Ukrayna Türkiyəyə hərbçi göndərəcək

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə göndərilməsi haqqında” fərmanını təsdiqləyib.


Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Bildirilib ki, qanun bununla Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Türkiyə və Böyük Britaniyaya yerləşdirilməsinə icazə verəcək.


Mövzu ilə bağlı hərbi ekspert Anar Şuşalı “İnformator.az” a açıqlamasında bildirib ki, Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə göndərilməsi haqqında fərmanını təsdiqləyib:


“Parlamentin qərarı ilə Ukrayna hərbçilərinin Türkiyə və Böyük Britaniya ərazisində yerləşdirilməsinə rəsmi icazə verilib.


Bu qərarı bir neçə istiqamətdə dəyərləndirmək mümkündür. Əvvəlcə qeyd etmək lazımdır ki, Ukrayna hərbçilərinin Türkiyədə yerləşdirilməsi hərbi əməkdaşlıq baxımından bir sıra praktiki nəticələr doğura bilər. Əgər məqsəd dənizçilərin, donanma bölmələrinin texniki təmiri, təlimi və əlaqələndirilməsidirsə, bu, Ukraynanın əməliyyat qabiliyyətini, texniki xidmət imkanlarını və NATO standartlarına uyğun inteqrasiyasını əhəmiyyətli dərəcədə gücləndirə bilər.


Belə bir addım həm texniki, həm də siyasi baxımdan simvolik əhəmiyyət daşıyır. Məsələn, dəniz logistikasında və texniki xidmət sahəsində Türkiyə limanlarının imkanlarından istifadə Ukrayna üçün mühüm praktiki üstünlüklər yarada bilər. Fərmanda da qeyd olunduğu kimi, Ukrayna gəmilərinin servis məqsədilə Türkiyə və Böyük Britaniyada yerləşdirilməsi nəzərdə tutulur. Bu, xüsusilə Qara dənizdə Ukraynanın məhdud liman imkanları fonunda böyük əhəmiyyət daşıyır”.


Anar Şuşalı qeyd edib ki, bundan başqa, mina təmizlənməsi və dəniz nəqliyyatının təhlükəsizliyi məsələləri də aktual qalır:


“Qara dənizdə mina və nəqliyyat təhlükəsi hələ də strateji problem olaraq mövcuddur. Türkiyə ilə koordinasiyanın artırılması bu sahədə patrul və liman təhlükəsizliyinin təminində praktik üstünlüklər yarada bilər.


Türkiyə həmçinin Ukrayna ordusuna texniki və təcrübə dəstəyi göstərə bilər. Xüsusilə təlimlər bu əməkdaşlığın mühüm hissəsidir. Türkiyə NATO üzvü olaraq, yüksək səviyyəli hərbi standartlara malikdir. Ukrayna hərbçilərinin Türkiyə ərazisində keçəcəyi təlimlər onların NATO prosedurlarına uyğunlaşmasını, əməliyyat planlaşdırılması, humanitar əməliyyatlar və dəniz əməliyyatları sahəsində peşəkarlığını artıracaq. Bu isə Ukraynanın NATO-ya inteqrasiya səyləri üçün praktik addım hesab olunur”.


Hərbi ekspert son olaraq açıqlamasına əlavə edib ki texnologiya və müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqətəlayiqdir:


“Türkiyə və Ukrayna arasında “Bayraktar” tipli pilotsuz uçuş aparatları, təlim proqramları və ortaq texnoloji layihələr üzrə sıx əməkdaşlıq uzun müddətdir davam edir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin ilk mərhələlərində Ukrayna ordusu Türkiyənin “Bayraktar” PUA-larından geniş şəkildə istifadə edib.


Nəticə etibarilə, bu yerləşdirmə, xüsusilə donanma və texniki dəstək istiqamətində, Ukrayna üçün olduqca əhəmiyyətlidir. Bu addım Ukraynanın davamlı əməliyyat qabiliyyətini, texniki hazırlığını və NATO standartlarının tətbiqini gücləndirməyə xidmət edir. Türkiyədə keçiriləcək təlimlər və birgə fəaliyyətlər Ukraynanın hərbi potensialını artırmaqla yanaşı, müharibə şəraitində əməliyyat səmərəliliyinin yüksəldilməsinə də mühüm töhfə verə bilər”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər