Ukrayna və Avropa İttifaqı: Üzvlük və Kənd Təsərrüfatı Çağırışları
"Avropa Birliyinə üzvlük üçün ilk növbədə Qərbi Avropa Ukraynanın, Moldovanın və Qərbi Balkan ölkələrinin AB-nə daxil olmasından sonra Avropa layihəsinə nəzarəti saxlamağın yolunu tapmalıdır. Kifayət qədər sadədir: əgər qaydalar indiki kimi qalsa və biz hamımız qoşulsaq, AB mövcud olacaq, amma Qərb qüvvələr balansının dəyişməsinə görə nəzarəti itirəcək.
İkinci şərtə gəlincə, Ukraynanın kənd təsərrüfatı kompleksi məsələsi həll edilməlidir. Çünki hazırda ölkənin bütün aqrar sahəsi Avropa ilə qətiyyən uyğun deyil.
Yəni, əgər biz indiki vəziyyətlə daxil olsaq, sadəcə Avropanın bütün fermerlərini məhv edəcəyik. Bu isə Fransada, Belçikada, Polşada və digər ölkələrdə sosial inqilaba, Avropada isə kollapsa səbəb olacaq. Buna görə də bu iki məsələni həll etmək lazımdır, ondan sonra Ukrayna AB-də olacaq”, – bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı şərqdən qərbə, cənuba doğru genişlədikcə, burada balansın dəyişməsi ehtimalı olur:
"Məsələn, Avropa İttifaqı Ukrayna və Rusiyanı nə vaxtsa qəbul eləsə, burada artıq balans qəbul ölkələrinin lehinə deyil, müəyyən qədər slavyanların lehinə olacaq. Və yaxud da ki, Avropa İttifaqı Türkiyəni nə vaxtsa qəbul etsə, burada artıq Türkiyə Almaniya kimi ən əhəmiyyətli ölkələrdən biri olacaq və s. Bu bəllidir.
Amma burda məsələ odur ki, bu Ukraynanı niyə narahat eləyir? Ukrayna üçün bunun fərqi nədir? Ukrayna Avropa İttifaqına daxil olmaq, onun yardımlarını almaq, ölkə iqtisadiyyatını düzəltmək və normallaşdırmaq barədə düşünməlidir. Ukraynanın Avropa İttifaqının siyasi balans dəyişməsiylə bağlı açıqlama verməsi mənə çox mənasız və Ukraynaya lazım olmayan bir mövqe kimi gəlir. Ola bilsin, Avropa İttifaqına daxil olmaqla bağlı problemlər var və bundan yayındırmaq üçün belə açıqlama verirlər.
Əslində bu, Ukraynanın fikirləşəcəyi mövzu deyil. Bu, Brüsselin, Fransa və Almaniyanın qərar verəcəyi məsələdir: onlar siyasi təsirlərini itirməkdən qorxurlar, yoxsa yox.
Kənd təsərrüfatı ilə bağlı isə təsirlər realdır. Çünki Ukraynada kənd təsərrüfatı məhsulları kifayət qədər ucuzdur, Avropada isə kifayət qədər bahadır. Ukrayna məhsullarının bazara daxil olması qiymətlərin düşməsinə və gərginliyə gətirib çıxara bilər. Biz bunu artıq görmüşük. Məsələn, müharibə dövründə Ukraynadan Polşaya kütləvi taxıl daxil olması bazarda qiymətləri öldürdü. Polşa çox böyük əziyyət çəkdi, itkilərlə üzləşdi. Nəticədə ölkədə etirazlar oldu və Polşa məcbur qaldı ki, Ukraynadan gələn taxıla limit qoysun.
Bu riskin qarşısını almaq üçün ya Ukraynada kənd təsərrüfatı məhsullarının qiyməti yüksəldilməlidir, ya da Avropa İttifaqı qiymətləri aşağı salmalıdır ki, bu da çətin görünür. Ona görə də kompromis proses getməlidir. Ukraynadan gələn məhsullara kvota qoyulmalı, keyfiyyət və standartlar yüksəldilməli, maya dəyərinə uyğunlaşdırılmalıdır.
İkinci məsələ Fransa-Polşa məsələsidir. Burada əslində məsələ kənd təsərrüfatı ilə bağlıdır. Çünki hər iki ölkə fermerlərin və kənd təsərrüfatı sektorunun maraqlarını qorumağa çalışır.
Amma Ukraynanın qəbul edilməsi yenə də Fransa və Almaniyanın istəklərinə bağlı olacaq. Əks halda, qəbul edilməsi mümkün deyil".
Gülay Səlifova
