00:00:00
Yazar
Zəri Bayramlı
19.05.2026 19:27 60 2 dəq oxuma
Siyasət

Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir-Kuleba

Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir-Kuleba

Ukrayna və Azərbaycan zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən İrpendə birgə infrastruktur layihələrinin həyata keçirilməsi üzrə danışıqlar aparır.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ukrayna dövlətləri uzun müddətdir ki, qarşılıqlı formada əməkdaşlıq edir: 

 

“Hər iki ölkə bir-birinin daha çox ehtiyac duyduğu sahələrdə həm qarşılıqlı, həm də siyasi və diplomatik müstəvidə bir-birini dəstəkləyən tərəflər olub. Xüsusilə, Qarabağ müharibəsi dövründə biz Ukraynanın Azərbaycana silah satışı ilə bağlı vaxtında atdığı addımların şahidi olmuşuq. Ukrayna Rusiya təcavüzünə məruz qaldıqdan sonra isə Azərbaycandan Ukraynaya birbaşa humanitar yardımların göstərilməsi; müxtəlif təyinatlı ərzaq, infrastruktur, tibbi və s. dəstəyin verilməsi, eyni zamanda ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana gətirilməsi kimi müxtəlif istiqamətlərdə dəstək kampaniyalarının şahidi olmuşuq. Bu yaxınlarda Ukrayna prezidentinin Azərbaycana səfəri ilə bu əməkdaşlıq, mən deyərdim ki, yeni bir müstəviyə keçid edib. Bu gün Azərbaycanın bərpa və quruculuq istiqamətində qazanmış olduğu təcrübə və nailiyyət Ukrayna üçün bir nümunədir, Ukrayna tərəfi üçün bir örnək sayıla bilər".

 

Həmçinin politoloq vurğulayıb ki, Ukraynanın müharibənin gedişində xüsusilə, dron sanayesinin inkişaf etdirilməsi və dron hücumuna qarşı müdafiə sahəsinin gücləndirilməsi istiqamətində qazanmış olduğu nailiyyətlər  Azərbaycan üçün bir təcrübə və örnəkdir:

 

“Bu baxımdan hesab edirəm ki, hər iki ölkənin bir-biri üçün həyati əhəmiyyəti olan sahələrdə təcrübə mübadiləsi etməsində böyük fayda var. Uzun illərin qarşılıqlı əməkdaşlığına söykənən etimad iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə mühüm zəmanət verir. Təbii ki, bu əməkdaşlıq prosesindən ən çox narahat olan ölkə şimal qonşumuz Rusiya olacaqdır. Amma bu əməkdaşlığın heç bir halda üçüncü ölkəyə qarşı yönəlmədiyini əsas gətirərək Azərbaycan və Ukrayna Rusiyanın səsləndirdiyi  ittihamlara cavab verə biləcək. Digər ölkələrin isə, xüsusilə mən Qərb ölkələrini nəzərdə tuturam, bu əməkdaşlıqdan məmnun olacağı qənaətindəyəm. Amma kimin bundan narahat olması, kimin bundan məmnun olması önəmli deyil. Önəmli olan hər iki ölkənin öz milli və suveren maraqları istiqamətində qarşılıqlı əməkdaşlıqla bağlı ortada olan iradəsi və bu iradə istiqamətində də həyata keçirdikləri birgə tədbirlərdir. Bu əməkdaşlıq Azərbaycanla Ukrayna arasında münasibətlərin yeni mərhələsidir və inanıram ki, daha da inkişaf edərək yeni-yeni sahələri əhatə edəcəkdir".

 

Günel Əlili

#edir-kuleba #ukrayna #bərpa #yenidənqurma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər