Ukraynada yeni təklif
Ali Radanın deputatı Roman Kostenko ukraynalı gənclərin ölkədən çıxışına məhdudiyyət qoyulmasını təklif edib. Kostenko bildirib ki, sərhədlərin bağlanması ilə gənclərin ölkəni tərk etməsinin qarşısı alınacaq:
“Sərhədləri bağlayın və onlar heç yerə getməyəcəklər. Ukraynada ən böyük problemimiz iqtisadiyyat və səfərbərlikdir”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, təqribən bir ay əvvəl Ukrayna Baş naziri Yuliya Sviridenko 18-22 yaş arası kişilərin səyahət qadağasının ləğv ediləcəyini açıqlayıb:
"Rusiya ilə müharibənin davam etməsi isə bu qərarın müzakirəsinə səbəb olub. Çünki Ukraynaya əsgər lazımdı. Ona görə də Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenkonun narahatlığını dilə gətirməsi anlaşılandır. Məsələyə insan hüquqları baxımından yanaşmağa gəldikdə isə, əgər dövlət olmasa orada nə insan qalacaq, nə də hüquqlar. Birinci məsələ dövlətin təhlükəsizliyidir. Ukrayna sərhədlərinin bağlanmasının dövlətin beynəlxalq münasibətlərinə də mənfi təsir edəcəyini düşünmürəm. Çünki Ukrayna indi ciddi ticarət əlaqələrinə malik deyil ki, qonşu ölkələr bu vəziyyətdə narazılıq etsin. Əksinə sərhədlərin bağlanması miqrant axınının qarşısını alacaq ki, bu da region ölkələrini əlavə qaçqın yükündən xilas edəcək".
Aişə Mustafayeva