Ukraynanı dəstəkləyən dünya
Ukraynın əzmkar mübarizəsində yalnız deyil. ABŞ prezidenti çərşənbə axşamı Zelenski ilə görüşdən sonra bildirdi ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün torpaqlarını geri ala bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya xaricində bütün dünya Ukraynanın qələbəsini alqışlayacaq:
“Ukraynanın müharibədə qalib gəlməsində Avropa İttifaqının, NATO-nun və ABŞ-nin rolu müstəsnadır, olduqca əhəmiyyətlidir. Məhz onların himayəsi ilə Ukrayna bu günə qədər qoruna bilib, müqavimət göstərib və hətta artıq güclənib, bir çox məqamlarda sanki Rusiyanı itələməyə başlayır. Ukraynanın Krımı geri almaq istəməsi beynəlxalq münasibətlərdə yalnızca Ukrayna-Rusiya gərginliyi yaradacaq. Rusiyadan başqa bütün dünya ölkələri hesab edir ki, Krım Ukrayna torpağıdır və onun geri alınması çox normal bir şeydir, Ukraynanın haqqıdır. Elə Trampın da açıqlamasında o məqamlar var ki, bu cür davam etsə, Ukrayna itirdiklərini qaytaracaq və yəqin ki, burada Krım da nəzərdə tutulur. Ukrayna Krımı geri qaytararsa, Rusiyanın bir çarəsi qalır – nüvə silahı, atom bombası istifadə etmək. Amma düşünmürəm ki, dəyişən güc balansında Rusiyanın bu “lüksü” olsun. Çünki hər gün Qərb ölkələri bir qədər də Rusiya sərhədlərinə yaxınlaşırlar və nüvə silahlarını da yaxınlaşdırırlar. Yəni bu təhdid hər tərəfdən gəlir”.
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, bütün hallarda Ukrayna xalqının məqsədi 1991 sərhədlərini təmin etməkdir:
“1994-cü il Budapeşt razılaşması ilə Rusiya, ABŞ və Britaniya – hamısı 1991 sərhədləri çərçivəsində Ukraynanın təhlükəsizliyinə təminat veriblər. Bu baş verərsə, bu, tarixi ədalətin bərpası olar və Ukraynanın ərazi bütövlüyünün tam bərqərar olması deməkdir. Hətta Rusiyanın özü də Ukraynanı bu sərhədlər çərçivəsində tanıyıb – Almata razılaşmasında imzası var”.
Bayramlı Zəri
