00:00:00
Yazar
Admin User
03.10.2025 19:06 75 3 dəq oxuma
Siyasət

Ukraynanın hücumlarına cavab verəcəyik

Ukraynanın hücumlarına cavab verəcəyik

Rusiya Prezidenti Vladimir Putin XXII “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına hücumlarına simmetrik cavab verəcəyik.


“Əgər qarşı tərəf belə təhlükəli oyunlarla məşğul olarsa, onların yanında hələ də fəaliyyət göstərən atom stansiyası var. Bizə nə mane olur ki, simmetrik cavab verməyək? Buna ciddi şəkildə nəzər yetirsinlər”,- Putin qeyd edib.


Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Putinin bu sözləri təhdid xarakteri daşıyır:


“Putinin bu açıqlaması, xüsusən Zaporojye Atom Elektrik Stansiyasına hücumla bağlı dediyi ifadələr təhdid xarakteri daşıyır. Bu təhdid təkcə Ukraynaya hesablanmış təhdid deyil, həm də bütövlükdə Avropaya hesablanmış təhdiddir. Bir növ Ukraynanın Rusiya hücumlarını bir növ stimullaşdıran və maliyyələşdirən Qərbə təhdiddir. Putin bununla mesaj verir ki, əgər Ukrayna Rusiya sərhədləri daxilinə hücumlar edərsə və Avropa bu hücumları dəstəkləyərsə, o zaman Rusiya Atom Elektrik Stansiyasını vurmaqla təkcə Ukraynanı yox, bütövlükdə Avropanın regionunu uran təhlükəsi ilə üz-üzə qoya bilər. Yəni hesab edirəm ki, bu, çəkindirmək məqsədilə verilən bir mesajdır. Qarşıdakı dövrdə Rusiyanın aqressiv siyasətini nəzər alsaq, Ukraynanın hücumları artarsa, Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını vurması da istisna edilməməlidir. Yəni sözdə belə olsa, bu bəyanatın praktiki müstəvidə icrası mümkün variantlardan biridir. Dediyim kimi, indiki halda verilən bu açıqlama bütövlükdə Ukrayna və Qərbə hesablanmış bir açıqlamadır. Yəni Putin təhdid edir ki, Qərb ölkələri Ukraynanın qarşısını almalıdır. Nəzərə yetmək lazımdır ki, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında o, faktiki olaraq Rusiyanın NATO ilə müharibə apardığını da vurğulayıb. Yəni bu o deməkdir ki, NATO-ya ünvanlanmış bir mesajdır. Təbii ki, əgər Rusiya praktiki müstəvidə bu bəyanatını icra edərsə, yəni Atom Elektrik Stansiyasını hədəf alarsa, bu dediyim kimi Avropanı belə radiasiya təhlükəsi ilə üz-üzə qoyacaq. Vaxilə bu, Çernobılda da yaşanıb”.


Politoloq qeyd edib ki, belə sərt bəyanatlar gərginliyin daha da artmasına səbəb olur:


“Təbii ki, bu cür bəyanatlar danışıqlardakı real vəziyyətdən qaynaqlanır. Yəni bu onu göstərir ki, Rusiya və Ukrayna tərəfi arasında hər hansı bir ortaq mövqe yoxdur. Hər iki tərəfin konkret tələbləri var və maksimal tələblərlə çıxış edirlər. Nəzərə almaq lazımdır ki, indiyə qədər Amerika tərəfi ortaq mövqe tapmağa çalışırdısa, Amerika da son vaxtlar prosesdən kənara çəkilmək xəttini tutub. Məsuliyyəti bir növ Avropa ölkələrinin üzərinə yıxır. Hətta Trampın verdiyi son açıqlamalar da bu yöndəydi ki, Avropa ölkələri istəyirsə, Ukraynanın silahlanmasına və müharibə aparmasına dəstək verə bilər. Ortada bir uzlaşma nöqtəsi olmadığı üçün bu cür sərt bəyanatlar verilir. Təbii ki, bu cür bəyanatlar həm də gərginliyin artmasına, qarşılıqlı hücumların daha da şiddətlənməsinə gətirib çıxaracaq. Sülh danışıqları ilə bağlı indiyə qədər atılan addımlar zəif də olsa, müəyyən bir irəliləyiş əldə olunmuşdu. Belə olan halda, hamısı sıradan çıxır. Bu isə müharibənin daha da şiddətlənməsi və hətta Ukrayna sərhədlərindən kənara çıxaraq Avropaya yayılması riskini də yaradır”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər