Ukraynaya NATO-ya qoşulmaq üçün vaxt cədvəli verilməyib
NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynaya birliyə qoşulmaq üçün vaxt cədvəli verilməyib. Bununla belə, 11 ölkə Kiyevlə ukraynalı pilotların hazırlanması üzrə bağlı memorandum imzalayıb. Eyni zamanda, Böyük Britaniya hökuməti Kiyevə yeni yardım paketinə qərar verib. Fransa da Ukraynaya hərbi yardımı 170 milyon avro artıracaq.
NATO sammitinin birinci gününün yekunlarına əsasən, Ukrayna Alyansa dəvət almayacaq. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib. Bildirib ki, Ukraynadan başqa heç kim bu məsələyə hazır deyil. NATO yalnız Kiyevin gələcəkdə təşkilata daxil ola bilməsi üçün ilkin addımları atacaq.
Ukrayna bu sammitdə alyansa üzvlük haqqı qazanmasa da, toplantı heç də faydasız keçməyib. Əslində elə NATO-nun Vilnüsdə keçirilən sammitinin əsas prioriteti də Ukraynanın müdafiəsini təmin etmək idi. Buna uyğun olaraq, Ukraynaya yeni mühüm müdafiə vasitələrinin göndərilməsi qərara alınıb. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Artıq bir çox ölkələr Kiyevə ayırdıqları yeni hərbi yardım paketlərini açıqlayıb. Belə ki, iyulun 11-də Vilnüsdə Ukrayna və Fransanın müdafiə nazirlərinin hərbi yardımın artırılması barədə imzaladıqları sazişə uyğun olaraq, yardımın miqdarı 170 milyon avro artırılacaq. Eyni zamanda, Ukraynaya silahların alınması və tədarükü prosesi də sadələşdiriləcək. Bundan əlavə, ehtiyat hissələrinin birgə istehsalı və xarici silahlara texniki xidmət yaradılacaq.
Böyük Britaniya hökuməti də Ukraynaya avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb. Həmçinin, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7-nin digər üzvləri Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər. Növbəti mərhələdə isə G7-nin bütün üzvlərinin birgə bəyannamə imzalaması gözlənilir. Bu, müttəfiqlərin müharibəni dayandırmaq üçün növbəti illərdə Ukraynaya necə dəstək verəcəyini müəyyənləşdirəcək.
