00:00:00
Yazar
Admin User
20.08.2025 16:53 229 3 dəq oxuma
Siyasət

Ukraynaya təhlükəsizlik təminatı və sülh

Ukraynaya təhlükəsizlik təminatı və sülh

ABŞ və NATO artıq Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayır.Bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, Avropa qoşunlarının Ukrayna ərazisinə milli bayraqları altında, lakin ABŞ komandanlığı altında yerləşdirilməsi nəzərdə tutulur. Amma ABŞ qoşunları Ukraynaya göndərilməyəcək.

Bundan başqa, ABŞ Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin edə və ya hətta qırıcılarından istifadə edərək hava sahəsini bağlaya bilər.

 

Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynaya güclü və etibarlı təhlükəsizlik təminatının verilməsi, Trampın da elan etdiyi kimi, sülhün əldə olunması ilə bağlıdır:

 

"Belə ki, ABŞ-də, xüsusilə də Alyaskada baş tutan görüşədək daha çox Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin əldə olunmasından danışılırdısa, Putinlə görüşdən sonra Tramp artıq birbaşa sülhdən danışmağa başladı və vurğulayıb ki, sülhün əldə olunması imkanları mövcuddur. Hazırkı şəraitdə bu, əsasən Ukraynadan asılıdır. ABŞ Prezidenti və Ağ Ev rəsmiləri ərazi mübadiləsinin mümkünlüyündən də bəhs ediblər və Avropa liderləri də buna kəskin etiraz etməyiblər. Görünür ki, Ukraynanın istədiyi səviyyədə təhlükəsizlik təminatının verilməsi qərara alınıb. Vaşinqtonda baş tutan görüşdə Zelenski də sülhə meyilli görünübvə vurğulayıb ki, Ukrayna sülh istəyir. Böyük ehtimalla yaxın vaxtlarda Donald Trampın dediyi kimi, 2 və ya 3 tərəfli formatda görüş keçirilə bilər. Yəni bu formatda Rusiya Prezidenti, ABŞ Prezidenti və Ukrayna Prezidenti iştirak edə bilər və ABŞ vasitəçilik missiyasını həyata keçirə bilər. Ola bilsin ki, ABŞ-nin təşkil etdiyi 2 tərəfli görüş də baş tutsun və bu görüşdə sülh daha çox Rusiyanın irəli sürdüyü şərtlər əsasında əldə edilsin. Qərb isə Ukraynaya güclü təhlükəsizlik təminatı verməyə çalışır və düşünürəm ki, Rusiya tərəfi buna ciddi etiraz göstərməyəcək".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Trampın əsas istəyi ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında sülh əldə olunsun və Ukraynanın hər hansı addım atacağı halda etibarlı təhlükəsizlik təminatına malik olması təmin edilsin:

 

"Avropa qoşunlarının ABŞ komandanlığı altında fəaliyyət göstərməsi də görünür ki, Rusiyanın sərt reaksiyasının qarşısını almaq məqsədi daşıyır. Reallıq isə ondan ibarətdir ki, Rusiya ilə ABŞ arasında tərəfləri razı salacaq dialoq mühiti mövcuddur. Hər iki tərəf də qeyd edir ki, istənilən formatda keçirilən görüşlərdə yalnız Rusiya–Ukrayna münaqişəsi deyil, eyni zamanda ABŞ–Rusiya münasibətləri ilə bağlı digər siyasi məsələlər də müzakirə olunur. Bu baxımdan hesab edirəm ki, Tramp pragmatik siyasətçi kimi ölkəsinin maraqlarına daha çox uyğun gələn variantı seçərək Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına çalışacaq və Ukraynaya onu qane edəcək təhlükəsizlik təminatları verəcək. Bununla yanaşı, Rusiyanın istəkləri də nəzərə alınacaq ki, real nəticə əldə olunsun. Başqa sözlə, Tramp rasional seçimə getmək niyyətindədir.

Bu proses qüvvələr balansını dəyişməyəcək, çünki hazırda mövcud olan reallıqlar qalacaq. Sadəcə olaraq, Ukrayna istədiyi kimi təhlükəsizlik təminatı əldə edəcək və tərəflər arasında sülh ehtimalından danışmaq üçün əsas yaranacaq".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər