00:00:00
Yazar
Admin User
16.12.2025 16:52 254 3 dəq oxuma
Siyasət

Ukraynaya vaxt verilib

Ukraynaya vaxt verilib

Ukraynanın ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifini qəbul etmək üçün cəmi bir neçə günü var. Bu barədə “Politiko” qəzeti məlumat yayıb.

 

“Ağ Ev Miladdan əvvəl tərəfləri sülh razılaşmasına doğru irəlilətməyə çalışır. Lakin bu baş verməsə, ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifi geri götürülə bilər. Bu zəmanətlər əbədi olaraq müzakirə mövzusu olmayacaq. Eyni zamanda, Avropa diplomatları Ukraynanın NATO-ya üzvlüyü olmadan təhlükəsizlik zəmanətlərinin işləyəcəyinə əmin deyillər. Üzvlük olmadan 5-ci maddə Rusiyanı yalnız gücünü sınamağa sövq edəcək”, - nəşr yazıb.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlama edib:

 

“Ukrayna ilə bağlı aparılan sülh danışıqları son dərəcə ağır və mürəkkəb şəraitdə baş tutur. Bir tərəfdən Ukraynaya müxtəlif siyasi və diplomatik təzyiqlər göstərilir, digər tərəfdən isə hərbi yardımların davam etməsinə baxmayaraq, şəxsi heyət və resurs imkanlarının tədricən məhdudlaşması Kiyevi layiq olmadığı bir sülhə məcbur edə bilər. Lakin əsas sual ondan ibarətdir ki, hazırda müzakirə olunan sülh maddələrində təklif edilən bəndlər real beynəlxalq müstəvidə və real hərbi-siyasi proseslər fonunda Ukraynanın təhlükəsizliyini doğrudan da təmin edə biləcəkmi? Bu sualın cavabı, böyük ehtimalla, mənfidir. Bunun əsas səbəbi təqdim olunan təkliflərdə ciddi ziddiyyətlərin mövcud olmasıdır. Bir tərəfdən Ukraynanın NATO-ya üzvlüyü istisna edilir, digər tərəfdən isə NATO-nun nizamnaməsində yer alan və üzv ölkələrin təhlükəsizliyini təmin edən 5-ci maddəyə bənzər mexanizmlə Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi təklif olunur. Əgər belə bir təminat praktik olaraq mümkündürsə, o zaman məntiqli yanaşma Ukraynanın birbaşa NATO-ya üzv qəbul edilməsi və bu zəmanətin alyans tərəfindən rəsmən verilməsi olardı.

 

Bu baxımdan, təklif olunan “5-ci maddəyə bənzər” təhlükəsizlik zəmanətinin faktiki olaraq real və işlək təhlükəsizlik mexanizmi olmadığı qənaəti formalaşır. Üstəlik, Ukrayna artıq bir dəfə belə zəmanətlərin səmərəsizliyini yaşamış ölkədir. Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə silahlarından imtina etdi və ərazi bütövlüyünə təhlükəsizlik təminatları aldı. Həmin təminatları isə ironik şəkildə həm ABŞ, həm də Rusiya vermişdi. Nəticədə bu zəmanətlərin heç biri Ukraynanı real təhlükədən qoruya bilməyib”.

 

Politoloq son olaraq Ukraynanın hazırkı mövqeyinə ilə bağlı açıqlamasında qeyd edib: 

 

“Prezident Volodimir Zelenski dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyünün nə de-fakto, nə də de-yure pozulması qəbulediləndir və Kiyev bunu heç bir halda qəbul etməyəcək. Bu isə sülh perspektivlərini daha da çətinləşdirir. Çünki Rusiya təkcə Donbasla kifayətlənməyərək, əlavə olaraq daha iki vilayət üzərində iddialarını davam etdirir. Mövcud vəziyyətdə belə görünür ki, Ukraynanın bu prosesdə verə biləcəyi ən böyük “güzəşt” yalnız Kremlin müəyyən mövqelərindən geri çəkilməsinə nail olmaq ola bilər. Lakin ərazi məsələsində Kiyevin geri addım atmağa hazır olmadığı aydındır. Bütün bunlar isə yaxın dövrdə dayanıqlı və ədalətli sülhün əldə olunacağına dair ümidləri ciddi şəkildə azaldır”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər