00:00:00
Yazar
Admin User
26.09.2025 15:30 162 3 dəq oxuma
Siyasət

Unudulmaz şəhidlərimizin xatirəsinə

Unudulmaz şəhidlərimizin xatirəsinə

27 sentyabr Azərbaycan üçün unudulmaz bir yaddaşdır. Həmin gündən etibarən tariximizdə yeni bir səhifə açıldı. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası üçün addımlar atmağa başladı. 44 gün davam edən bu müharibədə şəhidlərimiz sayəsində qələbə və zəfər hissini yaşadıq. Xalqımız öz gücünü və birliyini göstərdi. Minlərlə anamızın gözyaşı torpağa töküldü, minlərlə igidimizin qanı torpağa axdı. Bu gün həmin torpaqlarda çiçəklər açsa da, biz şəhidlərimizin qanı ilə yazılan bu zəfər tarixini qorumağa, onların əziz xatirəsini uca tutmağa borcluyuq. 

 

Həmin günlərdə döyüş yoldaşları ilə birlikdə ön cəbhədən olan Yusifov Vasif Ağayusif oğlu 44 günlük müharibədə yaşadıqlarından danışıb. O bildirib ki, 27 sentyabr Anım Günü olduğu kimi, həm də qələbəmizin başlanğıcı olaraq qürürverici bir gündür:

 

“Həmin gün əsgərlərimiz və hərbçilərimiz əks-hücüm edərək düşməni dəf etdi, 30 ilə yaxın işğalda olan Qarabağımızı addım-addım azad etməyə başladı. Təbii ki, müharibə varsa, döyüş meydanında şəhid də var. Bizim igid əsgərlərimiz bu qalibiyyətdə şəhid olaraq torpaqlarımızı azad etdilər. Mən də bir döyüşçü kimi fəxr edirəm ki, mənim də bu zəfərdə əməyim var. 27 sentyabr mənim üçün Azərbaycanın ərazi bütövlüyünün bərpasının başlanğıcını ifadə edir’’.

 

Vasif Yusifov qeyd edib ki, 44 günlük müharibə zamanı bir çox sevincli və kədərli anların şahidi olub: 

 

“Hələ də unudulmaz olaraq yaddaşımda qalıb. Sevindirici anlar idi, günbəgün torpaqlarımızı düşmən tapdağından azad edirdik. Əsas da Füzuli istiqamətindən düşmənin maneələrini yararaq irəliləməyimiz, Füzulini, Xocavəndi, Cəbrayılı azad edərək Şuşamıza doğru getməyimiz ən qürurverici hadisələrdən idi.  Lakin bu qalibiyyət zamanı qardaşlarımızı, döyüşçülərimizi vətən uğrunda şəhid verirdik. Ən kədərli, yaddaşımdan silinməyən an iki döyüşçü yoldaşımın yanımda şəhid olmasıdır.

 

Bu gün məndə həm qürur, həm də kədər hissləri var. Qürur var, çünki mən bir döyüşçü kimi Azərbaycanın işğal olunan ərazilərinin azad olunmasında iştirak etdim. Kədər isə odur ki, illərdir bir yerdə xidmət etdiyim yoldaşlarımı həmin döyüşlərdə itirdim. Hər il 27 sentyabr Anım Gününü qürurla anıram ki, döyüşçü yoldaşlarım şəhid olsa da, vətənimizin  işğal altında olan torpaqlarını düşmədən azad etdik. Mən bununla fəxr edirəm’’.

 

Bu günün cəmiyyətimiz və dünya üçün siyasi, ictimai tərəfləri də vardır. Bu günün rəsmi şəkildə qeyd olunması milli kimliyimizin möhkəmlənməsinə necə təsir edir?

 

Politoloq Sahil Kərimli bildirib ki, 27 sentyabr zəfərimizin başlanğıcı, Anım Günü kimi, eyni zamanda da bizim qürur günümüz kimi tarix boyu qeyd olunacaqdır:

 

"Gələcək nəsillər 44 günlük müharibənin başlanması gününü, bizi zəfərə aparan həmin günün tarixini hər zaman qiymətləndirəcəkdir. Azərbaycan 30 ilə yaxın işğalda saxlanılan, erməni təcavüzünə məruz qalan suverən ərazilərimizin işğaldan azad edilməsi üçün çox böyük tarixi addım atdı və Ermənistanın törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatlarının başlanması ilə, biz Şuşanın azad olunmasına qədər tarixi, şərəfli bir yol keçdik. 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsi əsrlər boyu qürur və fəxr mənbəyimiz olacaqdır. Biz qüdrətli və qəhrəman ordumuzun, Müzəffər Ali Baş komandanımızın qətiyyəti sayəsində çox böyük qələbə əldə etməsini gördük. Biz bu gün 44 günlük vətən müharibəmizin 5-ci ildönümündə bir azərbaycanlı olaraq fəxr və qürur duyuruq”.

 

Politoloq qeyd edib ki, Azərbaycan bu müharibə ilə həm də dünyaya qəhrəmanlıq nümunəsi göstərdi:

 

“Ordumuzun qəhrəmanlıq və şücaət dolu hərbi əməliyyatları dünyanın müxtəlif ölkələrində hərbi dərs olaraq öyrənilir.

Unikal, peşəkarcasına həyata keçirilən hərbi əməliyyatlar dünya hərbi dairələrinin də, hərbi ekspertlərinin də xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan 44 günlük vətən müharibəsindəki qələbəsi ilə çox böyük tarix yazdı. Biz ondan sonraki dövrlərdə bir günlük antiterror əməliyyatları ilə də ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Biz dünyaya öz siyasi, hərbi, iqtisadi gücümüz hesabına sübut etdik ki, Azərbaycan tarixi, ata-baba yurdlarının geri qaytarılması istiqamətində mümkün bütün addımları atdı. Nəticə olaraq, bu gün suveren və ərazi bütövlüyü tam bərpa edilən bir ölkənin vətəndaşları olaraq qürur duyuruq”.

 

Sevinc Yarməmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər