Unutqanlıq: Sadə diqqətsizlik, yoxsa ciddi problemin siqnalı?- AÇIQLAMA
Gündəlik həyatda hər kəs zaman-zaman nəyisə unutduğunu hiss edir. Açarların yerini, ediləcək işləri və ya vacib tarixləri. Lakin unutqanlıq bəzi hallarda sadəcə yorğunluq və diqqətsizliklə bağlı olsa da, bəzən daha ciddi səbəblərin göstəricisi ola bilər. Stress, yuxusuzluq, texnologiyadan həddindən artıq istifadə və qeyri-sağlam həyat tərzi yaddaşa mənfi təsir edən əsas amillər sırasındadır.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, müasir dövrdə unutqanlıq insanların ən çox şikayət etdiyi problemlərdən birinə çevrilib:
“Lakin vacib məqam odur ki, hər unutqanlıq yaddaş zəifliyi demək deyil. Bir çox hallarda problem yaddaşda deyil, diqqətdə olur. İnsan məlumatı kifayət qədər diqqətlə qəbul etmədikdə, sonradan onu xatırlamaqda çətinlik çəkir. Yəni biz bəzən unutduğumuzu düşünürük, əslində məlumatı beynimizə tam yerləşdirməmiş oluruq. Yaddaşı gücləndirmək üçün ilk növbədə beynin əsas ehtiyacları qarşılanmalıdır. Keyfiyyətli yuxu, düzgün qidalanma və fiziki aktivlik bu baxımdan mühüm rol oynayır. Yorğun və yuxusuz beyin məlumatı həm zəif qəbul edir, həm də zəif yadda saxlayır. Buna görə də sağlam həyat tərzi yaddaşın gücləndirilməsinin əsas şərtlərindən biridir. Bundan əlavə, öyrənilən məlumatın yazılması, təkrarlanması və hissələrə bölünərək mənimsənilməsi yaddaşın daha effektiv işləməsinə kömək edir. Eyni anda bir neçə iş görmək isə diqqətin parçalanmasına səbəb olur və nəticədə yaddaş zəifləyir. Bu səbəbdən, insan bir işə fokuslanmalı və diqqətini yayındırmamağa çalışmalıdır. Unutqanlıq bəzi hallarda ciddi problemlərin də əlaməti ola bilər. Əgər insan yaxın hadisələri tez-tez unudursa, eyni sualları təkrar-təkrar verirsə və gündəlik fəaliyyətlərində çətinlik yaşayırsa, bu artıq diqqət tələb edən bir vəziyyətdir. Xüsusilə bu hallar qəfil baş verərsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Belə hallarda unutqanlıq bəzi xəstəliklərlə, o cümlədən alzheimer xəstəliyi və ya depressiya ilə əlaqəli ola bilər. Gənclər arasında unutqanlığın artmasının əsas səbəblərindən biri isə müasir texnologiyaların təsiridir. Sosial media və telefon istifadəsinin çoxluğu diqqətin parçalanmasına gətirib çıxarır. İnsan beyni daim sürətli və qısa informasiyaya öyrəşir, nəticədə uzun müddətli diqqət tələb edən işlərdə çətinlik yaranır. Bu da həm diqqətin, həm də yaddaşın zəifləməsinə səbəb olur. İnformasiya bolluğu şəraitində beyin çox məlumat qəbul edir, lakin onların az bir hissəsinə fokuslana bilir. Nəticə olaraq demək olar ki, unutqanlıq hər zaman yaddaşın zəifliyi ilə bağlı deyil. Əksər hallarda problem diqqət yetərsizliyindən qaynaqlanır. Müasir insan çox şeyi unutmur, sadəcə çox şeyi tam diqqətlə yaşamır. Buna görə də həm yaddaşı, həm də diqqəti inkişaf etdirmək üçün sağlam həyat tərzi və düzgün öyrənmə vərdişləri formalaşdırmaq vacibdir”.
Cavahir Əsgərbəyli