Uşaqlarda bu davranışların arxasındakı psixoloji səbəblər nədir?
Dırnaq yemə və saç yolma kimi sadalanan, pozuntu kimi bilinən hallar əslində psixologiyada bəzən özünü sakitləşdirmə mexanizmləri kimi izah olunur.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Məleykə İsmayılova bildirib ki, davranış əgər uşaqda dağıdıcı şəkildə uzun müddət davam edirsə, həm özünə, həm də başqalarına zərər verirsə və getdikcə güclənirsə, bu artıq xarakter xüsusiyyətinə çevrilə bilər:
"Daha sonra isə müxtəlif psixoloji pozuntuların formalaşmasına səbəb ola bilər. Davranışı azaltmaq üçün gündəlik konkret “resept” olmasa da, hər uşağa və hər davranışa uyğun fərdi korreksiya üsulları mövcuddur. Məsələn, bir vərdişi aradan qaldırmaq üçün, əgər o gün ərzində 10 dəfə təkrarlanırsa, əvvəlcə bunu 9-a, sonra 8-ə endirməklə mərhələli şəkildə azaltmaq mümkündür. Bu prosesdə uşağın yaşı da mütləq nəzərə alınmalıdır. Kiçik yaşlı uşaq bunu müstəqil şəkildə edə bilməz, ona görə də mütləq nəzarət və istiqamətləndirmə lazımdır. Uşağın ətrafında olan insanlar valideyn, müəllim, dayə, nənə və ya tərbiyəçi bu davranışları müşahidə edir və qiymətləndirir. Ona görə də, bu şəxslərin iştirakı və dəstəyi ilə davranışları azaltmaq və nəzarət altına almaq mümkündür. Davranışın azalması artıq vərdişin tədricən aradan qalxdığını göstərir. Əgər uşağın yaxın ətrafındakı insanlar bu prosesin öhdəsindən gələ bilmirlərsə, mütəxəssisə müraciət etmək vacibdir. Çünki hər sahənin öz mütəxəssisi var. Psixoloqlar və psixopedaqoqlar məhz uşağın davranışları ilə işləmək üçün fəaliyyət göstərirlər. Bu, məktəb psixoloqu və ya fərdi psixoloq ola bilər. Burada ən əsas məqam vaxtında müdaxilədir. Nə qədər tez və profilaktik tədbirlər görülərsə, nəticə də bir o qədər uğurlu olar".
Selcan Xudiyeva