00:00:00
Yazar
Güllər Gülhüseynova
07.08.2026 21:52 25 2 dəq oxuma
Sosial

Valideyn–dövlət–özəl əməkdaşlığı modeli tətbiq olunur: Məktəbəqədər təhsildə yeni mərhələ

Valideyn–dövlət–özəl əməkdaşlığı modeli tətbiq olunur: Məktəbəqədər təhsildə yeni mərhələ

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir. 

 

Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir. 

 

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Azər Teymurlu “İnformator.az”a açıqlamasında bildirib ki, qaydaya əsasən, bu modelin tətbiqində ana məqsəd məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməkdir:

 

“Üstünlüklərinə gəldikdə isə, burada hər üç tərəf üçün uğurlu bir mexanizm qurulub. Dövlət dəstəyi çərçivəsində özəl bağçalarda təhsil alan hər bir uşaq üçün təhsil haqqının 70 faizi həcmində (Bakı üzrə maksimum 350 manat, regionlar üzrə 250 manat olmaqla) maliyyələşmə nəzərdə tutulur. Bu, ilk növbədə valideynlərin maliyyə yükünü hiss olunacaq dərəcədə azaldır. Eyni zamanda, özəl təhsil müəssisələrinin mövcud infrastruktur və potensialından istifadə etməklə daha çox uşağın bağça təhsilinə əlçatanlığı təmin olunur, sahə üzrə rəqabətqabiliyyətli mühit formalaşır.  Təsdiqlənmiş Qayda mətbində konkret olaraq neçə uşağın və ya hansı həcmdə kvotanın ayrıldığına dair dəqiq bir rəqəm əks olunmayıb. Sənədə əsasən, dövlət dəstəyindən faydalanacaq uşaqların ümumi sayı dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitin həcmindən, müsabiqədə qalib gələn özəl bağçaların layihələrində göstərdikləri uşaq sayından və həmin müəssisələrin tutumundan asılı olaraq müəyyən ediləcək”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, məzarət və monitorinq mexanizmi bir neçə mərhələli şəffaf sistem üzərində qurulub:

 

“Elm və Təhsil Nazirliyinin yaratdığı İşçi qrup təqdim olunan layihələri təkcə maliyyə və hüquqi baxımdan deyil, həm də pedaqoji baxımdan qiymətləndirəcək. Bağçaların insan resursları, maddi-texniki bazası və təhsil proqramları ciddi yoxlanılacaq. Nazirlik bağlanan maliyyələşdirmə müqavilələrinin icrasına birbaşa nəzarət edəcək və icra müddətində müvafiq hesabatlar tələb edəcək. Müsabiqə qalibi olan özəl bağçalar müqavilə müddəti bitdikdən sonra 15 iş günü ərzində Nazirliyə görülən işlərlə bağlı rəsmi arayış və hesabatlar təqdim etməlidirlər. Bu hesabatlar yalnız Nazirlik tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri bir sıra vacib şərtlərə cavab verməlidir. “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziyaya malik olmaq, Maliyyə və Dövlət Vergi Xidmətindən vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borclarının olmaması və riskli vergi ödəyicisi olmaması barədə arayış təqdim etmək, çəktəbəqədər təhsil sahəsində iş təcrübəsinə, müvafiq kadr potensialına, maddi-texniki bazaya və uşaq qəbulu üçün kifayət edən bina tutumuna malik olmaq əsas şərtlərdəndir”.

 

Güllər Gülhüseynova

#məktəbəqədər #olunur: #azərbaycan #xəbər #mərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər