"VAQNER"İN AQİBƏTİ NECƏ OLACAQ?
Putin qəzada həlak olanların ailələrinə başsağlığı verib. O , Yevgeni Priqojin haqqında ayrıca danışıb.“Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, deyə Kreml rəhbəri vurğulayıb. Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb. Hazırda ən maraqlı digər məqam Priqojindən sonra “Vaqner”in taleyinin necə olacağıdır. Bu qruplaşma tarixinə qovuşacaq, yoxsa yeni liderin idarəçiliyi altında döyüş meydanında atılacaq?
Rusiyanın nüfuzlu mətbuat orqanlarının xəbərinə görə, Priqojini qərb kəşfiyyat orqanları izləyirdi və onun barəsində dövlətlərinin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün müvafiq göstərişlər verilmişdi. Qərb mənbələrində isə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğu tırajlanıb. Maraqlısı odur ki, dünyanın əksər media orqanının irəli sürdüyü bu iddianı ilk ortaya atan “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” kanalı olub. Görünür, muzdlu hərbçilər baş verənlərin pərdəarxasında Kremlin dayandığından əmindilər. Elə vaqnerçilər yaydığı son video-müraciət də buna işarə edir. Sosial şəbəkədə yayılan videoda üzü bağlı olan vaqnerçilər bildiriblər ki, bundan sonra bizim növbəmizdir, bizi gözləyin. Bu da liderlərinin ölümündən sonra Vaqnerin Rusiya hökumətinə qarşı çıxıb-çıxmayacağı məsələsini gündəmə gətirir. Bu barədə fikir ayrılıqları olsa da, ümumi rəy ondan ibarətdir ki, qruplaşma intiqam almaq üçün addımlar atmayacaq. Çünki qrup muzdlu döyüşçülərdən ibarətdir və onlar arasında ideologiyadan çox maddiyyat faktoru populyardır. Eyni zamanda, baş verən hadisə Kremlə qarşı çıxanlara bir ismarıc kimi dəyərləndirilir. Odur ki, döyüşçülərin bir qismi intiqam almaq istəsə də, çoxluq bu versiyanı seçməyəcək.
Böyük ehtimalla Kreml vaqnerçilərin ciddi qarşıdurması ilə üzləşməyəcək. Sözügedən hərbi şirkətin bundan sonrakı aqibətinə gəlincə isə nəzərə almaq lazımdır ki, “Vaqner” kimi effektiv və güclü strukturun dünya tarixində presedenti olmayıb. Eyni zamanda, Rusiya dövlətinin bir çox ölkələr və qruplaşmalarla əlaqələri bu təşkilatın öhdəliyindədir. Xüsusən də , “Vaqner”in sonuncu missiyası qruplaşmanın Afrikadakı fəaliyyətini genişləndirmək olub. Daha geniş perspektivdən baxsaq, hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir. Bu səbəbdən də rəsmi Moskva qruplaşmanın dağılmasına imkan verməyəcək.
