00:00:00
Yazar
Admin User
31.07.2023 12:05 408 3 dəq oxuma
Dünya

Varşava-Minsk gərginliyi pik həddə

Varşava-Minsk gərginliyi pik həddə

Belarus ərazisində Vaqner muzdlularının yerləşdirilməsi Varşava və Minsk arasında gərginliyin hər keçən gün artmasına səbəb olur. Hətta son olaraq Varşava Belarus ilə sərhəddəki hasarı genişləndirəcəyini, eləcə də ordusunun sayını artıracağanı bildirib. Belarus və Polşa arasında baş verənlər nə mesajı verir? Polşa və Belarus müharibəyə qatıla bilərmi?


Polşa Belarusla sərhəddəki hasarı genişləndirmək niyyətindədir. Polşada hakim “Qanun və ədalət” partiyasının lideri, baş nazirin müavini Yaroslav Kaçinski bildirib ki, hasar sərhəd boyu genişləndiriləcək, bu məhdudiyyət bütün quru sərhədləri əhatə etməlidir. Bundan başqa nazir müavini, hakimiyyətin ordunun strukturunda əlavə diviziya yaratmaq istədiyini də deyib. Kaçinskinin sözlərinə görə, Polşa ordusu Avropanın ən güclü quru ordusu olacaq və NATO-nun bütün şərq cinahının müdafiəsi üçün təməl rolunu oynayacaq. “Əvvəllər üç diviziya olan ordumuz altı diviziyadan ibarət olacaq. Və daha sonra əlavə bir bölmə də yaradıla bilər. Əsas vəzifələrdən biri dövlətin əsas vəzifəsi təhlükəsizliyi qorumaqdır. Hakimiyyət Belarusla sərhədi gücləndirir, xüsusən də sərhədi qorumaq üçün hasarlar çəkir və hər cür elektron cihazlar quraşdırır”.


İndiki məqamda Polşanın belə bir addım atması təsadüfi hesab edilmir. Belə ki, qısa müddət əvvəl "Vaqner" muzdlularının Polşa ilə sərhəd Belarus ərazisinə yerləşdirilməsi hər iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Həmçinin Rusiya Prezidenti Vladimir Putin də muzdluların yerləşdirilməsindən sonra verdiyi açıqlamada bildirib ki, Belarusa qarşı hər hansı hərbi əməliyyat olarsa, bunu Moskvaya hücum kimi qiymətləndirəcək. Məhz bütün bu baş verənlər Polşa və Belarus arasında vəziyyətin kritikləşdiyini deməyə əsas verir. Bütün bunlara baxmayaraq bir qrup ekspertin fikrincə, Belarusun Polşa ərazisinə hücum etməsi ssenarisi indiki dövrdə real görünmür. Çünki Belarusun Polşa ərazisinə hücum etməsi NATO-nun da müharibəyə qatılmasına səbəb ola bilər.


Siyasi şərhçi Məhəmməd Əsədullazədinin sözlərinə görə, indiki durumda Belarusun Polşaya qarşı hücum etməsi rəsmi şəkildə mümkün görünmür. “Ümumiyyətlə qeyd etdiyim kimi, Vaqnerin mümkün hücumları ola bilər. Amma Polşa NATO-nun üzvüdür və bu da NATO-nun 5-ci maddəsinin işə düşməsinə, NATO və Belarus toqquşmasına gətirib çıxara bilər. Bunu Belarus hakimiyyəti də yaxşı bilir. Lukaşenko hesab edirəm ki, Polşaya qarşı müharibəyə rəsmi şəkildə başlaya bilməz”. Digər tərəfdən ekspertlər düşünürlər ki, Polşanın sərhədlərdəki hasarları və ordusunu genişləndirməsi sadəcə təhdid mesajı verir. “"Vaqner" muzdlularının Belarusda təlimlər zamanı sadəcə yüngül silahlardan istifadə etməsi hələlik Polşa üçün böyük bir təhdid yaratmır. Bunu hakimiyyət də yaxşı başa düşür. Varşavanın hazırda atdığı addımlar sadəcə təhdid mesajı rolunu oynayır. Rusiya və Belarus üçün təhdid mesajlarının verilməsi isə indiki dövrdə yaxşı fikirdir. Polşa bununla sərhədlərinin daim qorunduğunu və istənilən təhlükəyə hazır olduğunu göstərir”.


Bu arada qeyd edək ki, Polşa və Belarus arasında hər hansı çatışmanın baş verməsi Ukrayna müharibəsinin müstəvisinin genişlənməsinə, eləcə də gələcəkdə 3-cü dünya savaşının astanasına qlobal ictimaiyyəti bir az daha yaxınlaşdıracaq. Elə məhz bu səbəbdən görünür, tərəflər hələlik konfliktən uzaq durmağa çalışırlar.

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər