Vaşinqton Ukraynanın təhlükəsizlik zəmanətləri üzərində işləyir
ABŞ Avropa müttəfiqləri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir. Bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News” proqramlarından birində ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə Rusiya-Ukrayna sülh prosesi çərçivəsində keçirdiyi görüşdən sonra bildirib.
Rubio Ağ Evdə keçirilən ali səviyyəli görüşə, həmçinin Rusiya və Ukrayna arasında mümkün sülh prosesinə qiymət verib.
“Ola bilsin ki, hamı, o cümlədən Rusiya da razılaşar ki, münaqişədən sonra Ukraynanın digər ölkələrlə təhlükəsizlik sazişləri imzalamaq hüququ var. Biz Avropa müttəfiqlərimizlə və yeri gəlmişkən, Avropadan kənar ölkələrlə də belə təhlükəsizlik zəmanətlərinin yaradılması üzərində işləyirik”, – deyə o bildirib.
Anadolu Agency
Ayan Əsgərova