Vaşinqtonun Ukrayna-Rusiya müharibəsində vasitəçilik missiyası- Politoloqdan ŞƏRH
Vaşinqton Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini davam etdirir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin Rusiya və Ukrayna münasibətlərinin nizama salınması ilə bağlı səylərində bir qədər ləngimə var:
“Çünki ABŞ-İran müharibəsinin başlanması bu məsələdə bir qədər ləngiməyə səbəb oldu. Ancaq ehtimal ki, Prezident Donald Tramp yenidən bu məsələnin üzərinə qayıdacaq ,Zelenski və Putinin görüşünün keçirilməsi üçün təşəbbüslər irəli sürəcək.
ABŞ-nin bu məsələdə iştirakı vacibdir. Yəni, Rusiya bunu bir şərt kimi irəli sürür, çünki Ukraynaya ən çox dəstək olan ölkə məhz ABŞ-dir. Yəni ABŞ-nin təsiri Ukraynada yüksək olduğu üçün Rusiya da əsasən ABŞ-nin də bu prosesdə iştirakını tələb edir. Düşünürəm ki, gələcəkdə baş verəcək danışıqlarda yenə ABŞ vasitəçi qismində iştirak edəcək və ola bilsin ki, liderlərin arasında üç tərəfli görüş keçirildi. Donald Tramp, Vladimir Putin və Vladimir Zelenski arasında baş tutan görüşün harada olacağı barədə dəqiq bir məsələ yoxdur. Yəni, o görüş keçirilə bilər və ABŞ bu səylərini davam etdirəcək”.
Politoloqun sözlərinə görə, Donald Trampın Ukrayna münaqişəsinin həllinə bağlı addımları beynəlxalq münasibətlər sistemində ABŞ-nin mövqeyini gücləndirə bilər:
“Çünki 2-ci dünya müharibəsindən sonra keçirilən konfranslarda, dünya düzəninin formalaşmasında ABŞ dünyada faktiki olaraq öz hegemoniyasını elan edib. Donald Trampın əsas missiyalarından biri ABŞ-nin itirməkdə olduğu gücü bərqərar etmək siyasətidir. Əgər ABŞ diplomatik sahədə bu gücü bərpa etmək istəyirsə, dünyada olan münaqişələrin həllində həlledici vasitə olmalıdır. Ancaq biz hələ ki, Tramp adminstrasiyasının belə bir uğurunun şahidi olmamışıq. İndi Rusiya-Ukrayna müharibəsini həll edə bilsə, bu, böyük işdir və ABŞ-nin də beynəlxalq miqyasda nüfuzunun güclənməsinə təkan verəcək bir hadisədir”.
Nurgün Qənizadə