Vaxtaşırı nüvə sınağı keçirməliyik
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ vaxtaşırı nüvə silahlarını sınaqdan keçirməlidir.
"Bizim böyük bir arsenalımız var. Aydındır ki, ruslar da böyük bir nüvə arsenalına sahibdirlər. Çinlilərin də var. Bəzən onların işlədiyinə və düzgün işlədiyinə əmin olmaq üçün onları sınaqdan keçirmək lazımdır",- deyə o bildirib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, tərəflərin nüvə silahlarından danışması “çəkindirmə” məqsədi daşıyır:
“İlk növbədə bu sınaqlar “əzələ nümayişi”dir. Bu, bacarıqların göstərilməsidir. Yeri gəldikdə qarşı tərəflərə işarələrdir, xəbərdarlıqlardır. Biz görürük ki, Ukrayna-Rusiya qarşıdurmasında Qərb bütövlüklə Kiyevə kömək edir. Ölkələr müxtəlif tərzdə dəstək göstərirlər. Rusiya yalnız İran, Çin və Şimali Koreyaya bel bağlayır. Müttəfiqlər sayına nəzər yetirsək, görərik ki, Ukraynanın arxasında daha böyük dəstəyi var. Ancaq bu çoxluq heç də o demək deyil ki, onlar sözün əsl mənasında Ukraynaya təsirli kömək edirlər. Daha çox burada piar var, təbliğat məsələləri var. Amma az-çox edirlər. İndi də iki milyard dollar dəstək verilməli idi. Hələ NATO-nun zirvə görüşünü gözləyirlər ki, bir müddətdən sonra onu orada təsdiqləsinlər və hətta daha böyük həcmdə ola biləcək dəstək kampaniyasına “hə” desinlər. Əlbəttə, Rusiya Qərb tərəfdən “təklənmə” cəhdlərini görür. Halbuki Rusiya tək deyil. Amma hər halda bu dəstək kampaniyasında Ukraynanı qidalandıranların sayı çoxdur. Ona görə də Rusiya ilk növbədə özü nüvə silahlarının, taktiki silahların artıq nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Belə olduğu halda ABŞ, əlbəttə ki, geri qala bilməz. O da cavab addımını atıb. Amma burada bir şey var ki, nüvə silahları varsa da, onların istifadəsi çox problematik məsələdir. Ona görə ki, dünyanın istənilən yerində atılan bir nüvə başlığı, demək olar ki, bütün dünyanın ab-havasını poza bilər. Böyük bir fəlakəti gündəmə gətirə bilər. Çünki biri atacaqsa, onda onun da rəqibi məhz bu yolla gedə bilər və aləm bir-birinə qarışar. Bu olmasın deyə tərəflər psixoloji tərzdə bu silah növünü gündəmə gətirirlər, sınaqlardan danışırlar. Çünki bu silahların özlərinin mahiyyəti çəkindirici funksiya daşıyır. Yəni bu və ya digər ölkə qarşı tərəfi daha kritik gedişlərdən, daha təhlükəli gedişlərdən çəkindirmək niyyəti ilə istifadə edir. Odur ki, mən inanmıram, indiki zamanda hər hansı bir ölkə buna əl atsın. Ən çox ehtimal olunan İsraildir. Çünki ona amerikalılar bu silahı veriblər. Həmişə deyirlər ki, əlbəttə, biz imkan verməyəcəyik ki, İsrail bunlar istifadə etsin. Amma İsrail özü-özünü, demək olar ki, bütün bölgədən təcrid edir. Yeddi-səkkiz istiqamətdə müharibə aparır. Təbii ki, onun da arxasında ABŞ və onun köməyi durur. Çünki Amerika olmasa, İsrail belə cəsarətin sahibi deyil ki, hamıya müharibə elan etsin və gecə-gündüz dinc şəhərləri, məhəllələri bombardman etsin.
Hər halda biz Amerika ilə Rusiya məsələsinə gəldikdə görürük ki, onlar psixoloji cəhətdən mövqe qarşıdurmasında heç biri geri çəkilmək niyyətində deyil”.
Ekspert qeyd edib ki, dünyada silah yarışı dayanmaq bilmir:
“Silah yarışları dünyada daim gedir. Biz görürük ki, indi Qərb ölkələri “şər oxu”na daxil etdiyi ölkələrlə bağlı gecə-gündüz yeni-yeni sanksiyaları tətbiq edirlər. Onları qanunverici orqanlar səviyyəsində qərar kimi gündəmə gətirirlər. Buna baxmayaraq, istənilən ölkə öz strateji planları üzərində normal və düzgün bir iş qura bilirsə, ən çatışmayan komponentləri, elementləri, silah növlərini əldə edirlər. Onlar üçün bir o qədər də bu problem təşkil etmir. Çünki qara bazar var. Qara bazarla da ən böyük dəllal qrupları öz işlərini görürlər. Hətta özlərini izolyasiya edən ölkələr belə lazım olduqda müxtəlif yollarla yeddinci, səkkizinci, hətta onuncu əldən belə lazım olanı əldə edə bilirlər. Düzdür, bu baha başa gəlir, amma hər halda məqsəd demək olar ki, istifadə olunan gedişləri doğruldur. O ölkələr ki, artıq dediyim kimi “şər oxu”na daxil ediliblər və onların da açıq-aşkar düşmənləri varsa, onlar silahlanmalıdırlar. Burada biz bir çox ölkələri nümunə gətirə bilərik. Məsələn, İran var, Şimali Koreya var. Elə Çin özü olsun. Onsuz da, bilirik ki, Amerikanın gördüyü işlərin bir çoxunun mahiyyəti anti-Çin xarakteri daşıyır. Yəni Amerika Uzaq Şərqdə Filippini, Cənubi Koreyanı, Yaponiyanı, artıq Yeni Zelandiyanı, Avstraliyanı bir çətir altına alır ki, əgər Çinlə müharibəsi başlayacaqsa, onlar buna dəstək olsunlar. Onlar da hamısı silahlanır. Yəni o prosesin qarşısını almaq əslində qeyri-mümkündür. Mən elə başa düşürəm ki, bu proseslərdə Azərbaycan kimi ölkələr də güc toplamaq məsələsində həm özləri silah istehsalına başlayırlar, digər tərəfdən lazım olanı kənardan alırlar. Silah bazarı çox zəngindir. Bilirsiniz, qədimdən bizə miras qalmış bir deyim var ki, “Sülh istəyirsənsə, silahlan”. Bunu biz deməmişik, bunu müstəqil insanlar deyiblər bizdən əvvəl və göstəriblər ki, həqiqətən də sən gərək silah-sursatlı olasan. Ermənistan niyə daim sayıqlayırdı ki, “İstəyərik, gedib Bakıda çay içərik, istəyərik, Yevlaxı alarıq, Kürün sahillərinə çıxarıq”. Ermənistan bizi zəif bilirdi. Amma onların ən böyük strateji səhvi ondan ibarət idi ki, onlar Azərbaycanı düzgün qiymətləndirməyiblər. Azərbaycan diplomatiyasının çevikliyini düzgün anlaya bilmədilər və ona görə də qaldılar, necə deyərlər, yolun düzündə. Biz işimizi bərk tutduq. Siyasi xəttimizi düzgün müəyyən etdik, strateji hədəflərimizi artıq reallaşdırdıq, yəni o hədəflərə çatdıq və nəhayət elə bir şərait yaratdıq ki, artıq o mühit bizim xeyrimizə işlədi. Odur ki, Vensin də indi bu açıqlaması mən deyərdim ki, təhlükəsizdən daha çox təhlükələrə bir işarədir. Çünki ABŞ, baxmayaraq ki, nisbətən cavan dövlətdir, amma iki dünya müharibəsində ən az iştirak edib, bir çox ölkələrlə qarşıdurmada olub və həmişə də çalışıb ki, özgə əllərlə öz hədəflərinə çatsın. Bu baxımdan da mən hesab edirəm ki, elə Vensin bu açıqlaması da bir daha təsdiq edir ki, bəli, ABŞ bir nəhəng dövlət kimi əgər istəsə, o dünyanın ab-havasını saflaşdırma yolunda çox böyük işlər görə bilər. Vaxtilə bilirsiniz, İkinci Dünya Müharibəsi bitdikdən sonra Sovet İttifaqı hətta NATO-ya üzv olmaq istəyib. Əlbəttə ki, onu qoymurlar və bildirirlər ki, elə NATO-nu biz sizə qarşı yaratmışıq. Sonra Yeltsin Rusiyası NATO-ya üzv olmaq istəyir. Ona da icazə vermirlər. Onlar özləri bu qarşıdurma meyllərini gücləndirirlər və ona görə də, mən deyərdim ki, Vens də indi çox bədbin, lazımsız və neqativ trendi yenidən gündəmə gətirir və göstərir ki, Amerikanın öz hədəfləri var və Amerika həmişə hegemon olmaq istəyini uzağa qoymur. Amma yavaş-yavaş onun da hegemonluğu, demək olar ki, zəifləyib. Bu, göz önündə olan bir məsələdir”.
Lalə Qurbanlı
