Vens: ABŞ Ukraynaya “Tomahawk” raketlərini verməyi nəzərdən keçirir
" Bu elə bir məsələdir ki, onunla bağlı yekun qərarı prezident Tramp verəcək. Bu barədə danışmağı prezidentə buraxaram. Amma bilirəm ki, hazırda bu mövzu ilə bağlı müzakirələr aparılır", - Vens deyib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, məqsəd Rusiyanın strateji resurslarını tükətmək və onu zəiflətməkdir:
"ABŞ ilə Rusiya arasında bir ay əvvəl müəyyən qədər etibarlı dialoq mühiti formalaşıb və münasibətlər nikbinlik vəd edib. Lakin indi vəziyyət, demək olar ki, 180 dərəcə dəyişib. Bu dəyişiklik isə Donald Trampın Londona səfərindən sonra baş verib. ABŞ Prezidenti kral III Karl və digər yüksək səviyyəli şəxslərlə görüşdükdən sonra Vaşinqton Qərbin, xüsusilə də Britaniyanın mövqeyinə uyğun hərəkət etməyə başlayıb. Britaniya isə Rusiya ilə bağlı ən barışmaz mövqedən çıxış edir. Tramp hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə Avropanı müharibənin dayandırılmasının vacibliyinə inandırmağa çalışıb. Lakin Avropanın əsas ölkələri, Britaniya, Fransa, Almaniya və Polşa Rusiya ilə bağlı sərt və barışmaz mövqe nümayiş etdiriblər. Bu ölkələr müharibənin dayandırılmamasını, əksinə, Ukraynaya daha çox dəstək verilməsini, Rusiyanı çətin və problemli vəziyyətə salınmasını qəbul ediblər. Məqsəd Rusiyanın strateji resurslarını tükətmək və onu zəiflətməkdir. Hazırda görünür ki, ABŞ-də bu yanaşmanı qəbul edərək Avropanın mövqeyini dəstəkləməyə başlayıb. Əlbəttə, bu vəziyyətin gələcək inkişafı Donald Trampın Ukraynaya hansı strateji silahları verməyə qərar verməsindən də asılı olacaq. Məsələn, ABŞ Ukraynaya “Tomaqavk” raketlərini verəcəkmi, verməyəcəkmi bu hələ dəqiq deyil. Digər tərəfdən, Britaniya Almaniyanın Ukraynaya “Taurus” raketlərini verməsi üçün ciddi şəkildə çalışır. Rusiya isə bu məsələyə olduqca sərt reaksiya verir. ABŞ Prezidenti Donald Tramp hələ Londona səfərindən əvvəl Rusiya ilə bağlı narazılığını ifadə edib. O bildirib ki, Rusiya onu aldadıb. Trampın dediyinə görə, Putin əvvəlcə Trampın planına uyğun olaraq atəşkəs və danışıqlar barədə müəyyən vədlər verib. Lakin bu vədlər yerinə yetirilməyib. Əslində əvvəldən aydın idi ki, ABŞ və Rusiya eksistensial rəqiblərdir. Ən yaxşı halda rəqib, ən pis halda isə düşməndirlər. Üstəlik, ABŞ siyasətini yalnız Donald Tramp müəyyən etmir. Orada müxtəlif institutlar, təhlükəsizlik qurumları, Dövlət Departamenti, Senat, FTB və digər strukturlar var. Bu qurumların böyük əksəriyyəti Rusiyanı potensial düşmən kimi görür. Bu səbəbdən də tərəflər arasında barışıq və ya dərin anlaşmanın olması real görünmür. Trampın Londona səfərindən sonra isə onun mövqeyi tamamilə dəyişib. İndi o, Rusiya ilə bağlı daha sərt və qətiyyətli xətt yürüdür".
Müsahib bildirir ki, Rusiya isə silah transferlərinə necə reaksiya verəcək bu, hələlik açıq sualdır:
" Ancaq məlumdur ki, Moskva bu məsələlərə çox həssas yanaşır və sərt cavablar vermək ehtimalı yüksəkdir. Əlbəttə ki, vəziyyətin inkişafı Rusiya üçün neqativ olacaq. Çünki “Taurus” raketləri ilə bağlı Almaniya kansleri dəfələrlə bildirib ki, Ukraynaya bu raketlər veriləcək. Artıq bir neçə raket göndərilib, amma bu çox məhdud miqyasda olub. Rusiya isə əvvəldən açıq şəkildə bəyan edib ki, əgər Almaniya “Taurus” raketlərini Ukraynaya versə, həmin raketləri istehsal edən müəssisələr Rusiya vasitəsilə hədəfə alınacaq və vurulacaq. Bu təhlükədən qaçmaq üçün Almaniya “Taurus” raketlərini hissələr şəklində, yəni ayrı-ayrı bloklar şəklində Ukraynaya göndərib ki, onlar Ukraynadakı xüsusi məntəqələrdə yığılıb istifadəyə hazır hala gətirilsin. Lakin Rusiya kəşfiyyatı bu planlardan xəbər tutduqdan sonra həmin saxlama və montaj məntəqələrini raket zərbələri ilə məhv edib. Nəticədə, “Taurus” raketləri istifadəyə yararsız vəziyyətə düşüb. Bu həm Almaniya, həm də Ukrayna üçün acı bir təcrübə olub. Amma nəzərə almaq lazımdır ki, əgər ABŞ da bu prosesə qoşularsa, bu artıq genişmiqyaslı bir Qərb koalisiyasının formalaşdığı anlamına gələcək. Bu isə Rusiya üçün əlavə və ciddi problemlər yarada bilər".
Səmayə Səftərova