Vens İranın Minab şəhərində məktəbə endirilən zərbə barədə danışıb
ABŞ administrasiyası hələ də İranın Minab şəhərindəki qızlar məktəbinə zərbə endirilməsinin səbəbləri barədə hərtərəfli anlayışa malik deyil.
"İnformator.az" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatına səfəri zamanı bildirib.
"Hesab edirəm ki, orada tam olaraq nə baş verdiyini hələ tam aydınlaşdırmamışıq. Biz araşdırmanı sona çatdırmalıyıq. Elə deyilmi? Hər hansı addım atmazdan əvvəl baş verənləri, həqiqətən, anlamaq lazımdır", - deyə o, Minabdakı faciə ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri Donald Tramp təkid edir ki, Minabdakı faciənin bütün təfərrüatları "tam həcmdə araşdırılsın".
"Hazırda biz məhz bununla məşğuluq", - vitse-prezident fikrini yekunlaşdırıb.