“Vensin açıqlaması həm mesaj, həm də təzyiqdir”-ŞƏRH
“Bu müharibə çox tezliklə bitəcək. Hadisələrin gedişi sonda iranlılardan asılı olacaq”, - deyə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İrandakı müharibə ilə bağlı danışarkən bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, İran mövqeyini dəyişmədən müharibənin tam bitməsi real görünmür:
“Amma bu, mütləq şəkildə geri addım anlamına da gəlmir. Burada əsas məsələ tərəflərin mövqelərinin necə yenidən paketlənməsidir. Tehran öz daxilinə və tərəfdarlarına uduzmadığını göstərmək istəyir, Vaşinqton isə prosesin nəzarətdən çıxmadığını nümayiş etdirməyə çalışır. Ona görə də, formal olaraq mövqelər dəyişmədən, amma məzmun etibarilə müəyyən yumşalmalarla razılaşma əldə oluna bilər. Yəni tərəflər eyni mövqedə qaldıqlarını deyə bilər, amma praktiki olaraq gərginliyi azaldan addımlar atarlar. Bu tip münaqişələrdə nəticə çox vaxt “kim nə qazandı”dan çox “kim necə təqdim etdi” üzərindən qurulur”.
Politoloq qeyd edib ki, Vensin açıqlaması isə ikili təsir yaradır:
“Bir tərəfdən bu, gərginliyi azaltmağa hesablanmış mesajdır. Çünki müharibənin tezliklə bitəcəyini demək bazarlara və ictimai rəyə sakitləşdirici siqnal verir. Digər tərəfdən isə “nəticə iranlılardan asılıdır” ifadəsi dolayı təzyiq elementidir və məsuliyyəti Tehranın üzərinə qoyur. Bu isə İran daxilində daha sərt mövqe tərəfdarlarını gücləndirə bilər və reaksiyanı kəskinləşdirə bilər. Yəni bəyanat diplomatik dilə yaxın olsa da, altında siyasi təzyiq mexanizmi dayanır. Ona görə də bu cür çıxışlar qısa müddətdə sabitlik görüntüsü yaratsa da, uzun müddətdə tərəflər arasında psixoloji gərginliyi tam aradan qaldırmır”.
Nuray Əliyeva