Volodimir Zelenski Azərbaycana niyə məhz indi səfər edib?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri regionda və beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Müharibə şəraitində olan Ukraynanın enerji, humanitar və diplomatik dəstək axtarışları fonunda bu səfərin vaxtı xüsusi maraq doğurur. Azərbaycan isə həm enerji resursları, həm də balanslı xarici siyasəti ilə Ukrayna üçün önəmli tərəfdaş kimi çıxış edir.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az”a bildirib ki, Azərbaycan balanslı siyasəti ilə cəlbedici tərəfdaşa çevrilir:
“Volodimir Zelenskinin məhz bu dövrdə Azərbaycana səfərinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan həm ABŞ, həm də İran, eyni zamanda Ukrayna və Rusiya kimi qarşıdurmada olan tərəflərlə balanslı münasibətlərini qoruyub saxlayır. Yəni Azərbaycan heç bir tərəfin lehinə və ya əleyhinə açıq seçim etmir. Bununla yanaşı, Azərbaycan həm regional, həm də Yaxın Şərq siyasətində aktiv oyunçuya çevrilməkdədir və bu istiqamətdə kifayət qədər potensiala malikdir. Bu isə ölkəni təkcə Zelenski üçün deyil, digər Avropa və qeyri-Avropa liderləri üçün də cəlbedici edir. Məsələn, Andrey Babiş kimi siyasətçilərin səfərləri, eləcə də digər dövlət rəhbərlərinin Azərbaycana marağı bunu sübut edir. Bu gün Azərbaycan etibarlı və balanslı tərəfdaş kimi qəbul olunur. Məhz bu faktorlar Zelenskinin diqqətini cəlb edir. Xüsusilə, çətin vəziyyətdə olan Ukrayna üçün mümkün qədər çox dövlətlə əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları və enerji resursları da bu baxımdan əlavə üstünlüklər yaradır”.
Həmçinin ekspert bildirib ki, əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan faydalıdır:
“Səfərin geosiyasi balanslara təsirinə gəldikdə isə, bu məsələyə həm müsbət, həm də ehtiyatlı yanaşmaq lazımdır. Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan Ukrayna ilə əlaqələri genişləndirərək qarşılıqlı fayda əldə edə bilər. Ukrayna hazırda müharibədən zərər görsə də, böyük potensiala malik ölkədir və gələcəkdə yenidən qurulma prosesi Azərbaycan üçün də yeni imkanlar yarada bilər. İki ölkə arasında aqrar, enerji, iqtisadi və tranzit sahələrində əməkdaşlıq genişlənə bilər. Təcrübə mübadiləsi də mühüm rol oynaya bilər. Bununla yanaşı, Rusiya faktorunu da nəzərə almaq lazımdır. Lakin Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasəti səbəbindən bu münasibətlərin ciddi gərginlik yaradacağı ehtimalı yüksək deyil. Digər tərəfdən, Azərbaycanın enerji və diplomatik imkanları Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır. Müharibə nəticəsində zərər görmüş enerji infrastrukturu üçün Azərbaycan alternativ mənbə rolunu oynaya bilər. Ukrayna gələcəkdə enerji asılılığını azaltmaq istədiyi üçün Azərbaycanla əməkdaşlıq daha da aktuallaşa bilər. Eyni zamanda Azərbaycan vasitəsilə tranzit layihələrə qoşulmaq, xüsusilə Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Ukrayna üçün strateji imkanlar yaradır”.
Arzu Poladova