VPN texnologiyası: internetdə təhlükəsizlik və azadlıq
Müasir dövrdə internet istifadəçiləri üçün həm təhlükəsizlik, həm də sərbəst informasiya əldə etmək ön plana çıxır. Bu baxımdan VPN (Virtual Private Network) texnologiyası xüsusi əhəmiyyət daşıyır. VPN istifadəçilərə məlumatlarını şifrələməklə qorumaq və bəzi məhdudiyyətləri aşmaq imkanı verir. Bəs VPN nədir, necə işləyir və istifadə zamanı nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı Aİ mütəxəssisi, Yelo bankda aparıcı Data Scientist, Alas academy-in direktoru Natiq Məmişov “İnformator.az”a açıqlamasında bildirib ki, VPN anonimlik demək deyil:
"VPN məsələsi ümumiyyətlə bir az “havada” qalan mövzudur. Məsələn, deyirlər ki, data loqlanmır, saxlanmır, amma bu, sadəcə sözlə olmamalıdır, mütləq auditlə təsdiqlənməlidir. Yəni necə ki, bəzi sahələrdə qayda var və audit gəlib yoxlayır, VPN-də də bu “no-log” məsələsi real şəkildə sübut olunmalıdır. Burada əsas məqamlar var: şifrələmə və istifadə olunan protokollar. Minimum standartlar olmalıdır, güclü şifrələmə, müasir protokollar və s. Digər tərəfdən, sızma qoruması vacibdir. Məsələn, VPN qopanda nə olur? Əgər internet davam edirsə, orada data sızması riski yaranır. Bu kimi halların qarşısı mütləq alınmalıdır. Şirkətin harada qeydiyyatda olması da ciddi məsələdir. Hüquqi tələblər, şəffaflıq, audit mədəniyyəti bunlar birbaşa etibara təsir edir. Məsələn, bəzi ölkələrdə qeydiyyat bu baxımdan risk yarada bilər. Texniki tərəfdə isə sürət və server şəbəkəsi önəmlidir. Yaxın regionlarda serverlərin olması, sabitlik, qırılmaların olmaması istifadə təcrübəsinə ciddi təsir edir. Bundan əlavə, platforma dəstəyi, istifadə rahatlığı, qiymət və cihaz limiti də nəzərə alınır. Pulsuz VPN-lərə gəldikdə isə, bunlar əksər hallarda risklidir. Reklam, izləmə, məlumat satışı və zəif təhlükəsizlik kimi problemlər olur. Hətta “data saxlamırıq” desələr belə, bu, çox vaxt marketinq olur və arxa planda fərqli proseslər gedə bilər. Ən sonda vacib bir yanlış anlayış var, VPN anonimlik demək deyil. VPN sadəcə IP-ni gizlədir. Amma brauzer fingerprinti, kukilər, hesab girişləri və cihaz identifikatorları vasitəsilə istifadəçi yenə izlənilə bilər. Yəni IP gizləndi deyə, hər şey həll olundu kimi düşünmək düzgün deyil. VPN bazarında istifadəçilərin tez-tez rastlaşdığı bir neçə məşhur xidmət var və onların hər biri fərqli üstünlüklərlə seçilir:
NordVPN
ExpressVPN
Surfshark
Proton VPN
Məsələn, NordVPN daha çox güclü təhlükəsizlik paketləri ilə tanınır. Digər tərəfdən, ExpressVPN stabil performansı ilə diqqət çəkir. Bağlantının tez-tez qırılmaması, istifadəsinin rahat olması və müxtəlif platformalarda dəstəklənməsi onu praktik seçimlərdən birinə çevirir. Surfshark isə əsasən cihaz limiti məsələsində fərqlənir. Bundan əlavə, Proton VPN şəffaflıq və audit məsələlərinə verdiyi önəmlə seçilir. Yəni seçim əsasən istifadəçinin prioritetlərindən asılıdır".
Samirə Allahverdizadə