00:00:00
Yazar
Zəhra Həsənova
14.05.2026 22:24 24 2 dəq oxuma
Sosial

WUF13 ilə əlaqədar Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir

WUF13 ilə əlaqədar Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF13) sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

 

Mövzu ilə bağlı sərnişin  Xədicə Abbasova və Nuray Mehtiyeva “İnformator.az” ilə öz fikirlərini bölüşüb:

 

Xədicə Abbasova bildirib ki,əvvəlcədən xəbərdarlıq olunması yaxşı haldır:

 

“Hələ tədbir başlamasa da, artıq bəzi marşrut dəyişiklikləri və məhdudiyyətlərlə bağlı məlumatlar verilir. Məncə, əvvəlcədən xəbərdarlıq olunması yaxşıdır ki, insanlar hərəkətlərini planlaşdıra bilsin. Ümid edirəm ki, tədbir günlərində ciddi sıxlıq olmaz”.

Həmçinin Nuray Mehtiyevada məsələyə münasibətini bildirib:

“Belə böyük beynəlxalq tədbirlər keçiriləndə müəyyən dəyişikliklərin olacağı gözləniləndir. Mən də artıq marşrutlarla bağlı paylaşılan məlumatları izləyirəm ki, sonradan problem yaşamayım. Əsas odur ki, sərnişinlər operativ şəkildə məlumatlandırılsın”.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib:

 

“Belə tədbirlər adətən şəhərin nəqliyyat idarəetmə imkanlarının sınağı hesab olunur. Əgər marşrut dəyişiklikləri əvvəlcədən ictimaiyyətə vaxtında çatdırılırsa, real vaxt məlumatlandırma sistemi işləyirsə və alternativ nəqliyyat imkanları təqdim olunursa, təsirlər minimuma endirilə bilər. Dünyanın bir çox böyük şəhərlərində beynəlxalq forum və sammitlər zamanı oxşar müvəqqəti nəqliyyat sxemləri tətbiq edilir. Burada əsas məqsəd təhlükəsizliklə şəhərin normal həyat ritmi arasında balans yaratmaqdır. Məsələn, ictimai nəqliyyat üçün ayrılmış avtobus zolaqlarının fasiləsiz fəaliyyəti, ağıllı svetofor sistemlərinin tətbiqi və real vaxt rejimində marşrut məlumatlandırılması mühüm rol oynayır. Artıq AYNA-nın təqdim etdiyi “MAAS” mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib və bu baxımdan operativ məlumatlandırmanı asanlaşdırır. Eyni zamanda skuter və velosiped kimi mikromobillik vasitələrindən istifadənin təşviqi, bəzi küçələrdə müvəqqəti piyada zonalarının yaradılması, dövlət və özəl sektorda məsafədən iş rejiminin tətbiqi şəhərdaxili hərəkətin daha idarəolunan olmasına kömək edir. Belə tədbirlər əslində şəhərin nəqliyyat sisteminin dayanıqlığını yoxlayan bir sınaqdır. Koordinasiya düzgün qurulduğu halda, beynəlxalq forumlar Bakı üçün həm loqistika, həm də müasir şəhər mobilliyi baxımından müsbət təcrübəyə çevrilə bilər”.

Arzu Poladova

#yeni #sxemi #marşrutun #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər