00:00:00
Yazar
Aysel Mirzəyeva
08.04.2026 20:44 28 2 dəq oxuma
İqtisadiyyat

"Xəzər nefti Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır" - ŞƏRH

"Xəzər nefti Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır" - ŞƏRH

"Ukrayna üçün həm Azərbaycan, həm də Qazaxıstan neftinin Avropa bazarına daxil olması enerji təhlükəsizliyi baxımından mühüm hesab olunur", - deyə Ukrayna Ali Radasının deputatı bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna üçün Azərbaycan və Qazaxıstan nefti alternativ enerji mənbəyi kimi xüsusi əhəmiyyət daşıyır:

 

“Ukrayna uzun illər enerji baxımından Rusiyadan ciddi şəkildə asılı olub. Bu asılılıq xüsusilə müharibədən sonra daha açıq şəkildə problem kimi ortaya çıxdı. Ona görə də, Ukrayna üçün əsas məqsədlərdən biri enerji mənbələrinin diversifikasiyasıdır. Bu baxımdan Azərbaycan və Qazaxıstan kimi ölkələrdən gələn neft Ukrayna üçün alternativ və daha təhlükəsiz enerji mənbəyi hesab olunur. Xüsusilə, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxması strateji əhəmiyyət daşıyır. Bu marşrut Rusiyanın ərazisindən yan keçdiyi üçün həm siyasi risklər, həm də təhlükəsizlik baxımından daha sabit və etibarlı hesab olunur. Bu da həm Ukrayna, həm də Avropa ölkələri üçün enerji tədarükünün daha təhlükəsiz şəkildə təmin olunmasına imkan yaradır. Xəzər regionundan çıxan enerji resurslarının Avropa bazarına çatdırılması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Enerji məsələsi artıq yalnız iqtisadi məsələ deyil, eyni zamanda geosiyasi alətə çevrilib. Bu baxımdan Xəzər regionundan çıxan enerji resurslarının Avropa bazarına daxil olması Avropanın enerji təhlükəsizliyini gücləndirən əsas amillərdən biri hesab olunur. Ukrayna da bu prosesdə iştirak etmək və enerji marşrutlarının diversifikasiyasında rol oynamaq istəyir. Lakin reallıq ondan ibarətdir ki, Ukraynanın tranzit ölkə kimi potensialı hələ tam şəkildə reallaşmayıb. Bunun əsas səbəbləri arasında infrastruktur məhdudiyyətləri, institusional problemlər və mövcud geosiyasi risklər göstərilə bilər”.

 

Asif İbrahimov hesab edir ki, Ukrayna bu sahədə daha aktiv və praktiki addımlar atmalıdır:

 

“Ukrayna yalnız siyasi bəyanatlarla kifayətlənməməlidir. Enerji sahəsində real nəticələr əldə etmək üçün ölkə daxilində infrastruktur layihələrinə investisiya qoyulmalı, hüquqi və institusional islahatlar aparılmalı və beynəlxalq enerji layihələrində daha fəal iştirak edilməlidir. Əgər bu addımlar atılarsa, Ukrayna regional enerji xəritəsində daha mühüm rol oynaya bilər. Əks halda, strateji imkanlara malik olsa da, bu imkanlardan tam istifadə edə bilməmək riski qalacaq. Azərbaycan və Qazaxıstan neftinin Avropaya çıxışı təkcə Ukrayna üçün deyil, ümumilikdə Avropa enerji təhlükəsizliyi üçün də mühüm rol oynayır. Bu enerji axınları Avropa bazarında alternativ mənbələrin payını artırır və bir mənbədən asılılığı azaldır. Bu isə həm iqtisadi sabitliyə, həm də siyasi təhlükəsizliyə müsbət təsir göstərir. Ona görə də, Xəzər regionundan Avropaya uzanan enerji marşrutları gələcək illərdə də qlobal enerji siyasətində mühüm rol oynamağa davam edəcək”.


Ayşə Müzəfərli

#şərh #rol #yeni #enerji #nefti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər