Xamenei və Pezeşkian arasında gərginlik: Danışıqların pozulmasının səbəbi açıqlanıb
İran Prezidenti Məsud Pezeşkianın komandası ilə ölkənin Ali rəhbəri Müctəba Xameneinin komandası arasında yaranan fikir ayrılıqları Tehranın ABŞ ilə danışıqlar üçün İslamabada səfər etməsinə mane olub.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranla ABŞ arasında danışıqlar əgər olsaydı belə nəticə olmayacaq:
“Çünki tərəflər özünü qalib hesab edir. İki tərəfin özünü qalib elan etməsi o deməkdir ki, hər iki tərəf heç bir şərtdən geri çəkilməyəcək. Müəyyən detallarda razılıq əldə olunduğu görüntüsü yaranmış olsa da mahiyyəti etibarı ilə əslində geri çəkilmə yoxdur. Xüsusən, İranın radikal hakimiyyət qolu olan SEPAH komandası siyasi deyil, hərbi üsluba üstünlük verir ki, bu da barışmaz mövqe deməkdir. ABŞ-nin irəli sürdüyü şərtlər də həmçinin çıxış yolu qoymur. Əslində ABŞ təqdim etdiyi şərtlər sözkəsənlik üçün bəhanədir. Özləri də bilir ki, İran bu şərtlərə razı olmayacaq. Əslində ABŞ üçün İranın mövqeyi əhəmiyyətli deyil. Bütün bu proseslər, danışığa cəhd görüntüsü beynəlxalq aləmi növbəti müharibəyə hazırlamaqdır. İranda isə getdikdə rejim daxilində parçalanma böyüyür. Hətta görünür ki, Prezident Pezeşkiyana ciddi təziqlər var. Bu ziddiyəti büruzə verməmək üçün nəyan edib ki, İranda mühafizəkarlar və mötədillər deyə tərəflər yoxdur, guya hamı eyni mövqedən çıxış edir”.
Politoloqun sözlərinə görə, halbuki İran rejiminin təcrübəsində ölümlə qorxudub siyasilərə bəyanat verdirmək, hətta “tövbənamə” oxutmaq ənənəsi də var:
“Vaxtilə inqilab liderlərindən olan islahatçı müxalif Ayətullah Məhəmməd Kazım Şəriətmədariyə işgəncə verib efirdən tövbə mətni oxudublar. Həmçinin rejimin ideoloji xəttinə qəti etraz edən Ayətullah Seyid Burquiyə də eyni təzyiqlərlə məcburi bəyanat verib. Hazırda da İran Prezidenti islahatçı proqramı ilə önə çıxdığı və danışıqlar tərəfdarı olduğu üçün ona təsirlərin olduğu hiss olunur. Həyatının ciddi təhlükə qarşısında olduğu da görünür. SEPAH sadəcə prezidentin türk olmasından çəkinir. Çünki əgər ona qarşı sui-qəsd olarsa Güney Azərbaycan ayaqlana bilər. Daxili çəkişmələr çox davam edə bilməz. Artıq məlumat yayılır ki, ABŞ İranda danışıqlara mane olan komandirləri hədəfə alacaq. Gərginliyin artacağı hiss olunur. Yaxın zamanda İsrail və ABŞ hərbi qüvvələrinin İranda yerdə qalmış hərbi liderləri hədəf alacağı mümkündür. Daha böyük və dağıdıcı müharibəyə başlamaqdan əvvəl bu mərhələdə də yenə müəyyən şəxsləri aradan götürüb ola bilsin yenə danışıqlara cəhd olsun. Ancaq ümumiyyətlə mənzərə onu təlqin edir ki, İsrail və ABŞ İranda istəyinə nail olmayınca əl çəkməyəcək. Xarici İşlər Naziri və mülki hakimiyyətin digər nümayəndələrinin fəaliyyəti əslində ABŞ-yə mesajdır. Çünki Pakistana səfərin baş tutmamasına əslində səbəb hakimiyyətdaxili ziddiyyətdən daha çox SEPAH-ın hakimiyyəti ələ keçirib nümayəndələri danışıqlara buraxmamasıdır. Regionda gərginliyin artması da mümkündür. Çünki hücumlar olarsa İran proksi qüvvələri işə salacağını və ABŞ hərbi bazalarını vuracağını bəyan edir. Əgər proseslər yenidən hərbi müdaxilə müstəvisinə qalxarsa regionda da gərginləyin artacağı qaçılmaz olacaq”.
Aytac İbrahimova