XİN rəhbəri: Britaniya NATO-nun hava məkanını qorumağa hazırdır
"Son həftələr Estoniya, Polşa və Rumıniyada NATO hava məkanının təxribat xarakterli və ehtiyatsız şəkildə pozulmasının şahidi olduq və NATO buna qəti şəkildə qarşı çıxır. Biz hərəkətə keçməyə hazır olacağıq", - o deyib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya açıq şəkildə bəyan edir ki, artıq 50-dən çox ölkə ilə savaşdadır:
"Ukrayna-Rusiya müharibəsinin davamlı şəkildə gündəmdə qalması artıq həm Qərbi, həm də Rusiyanı yeni addımlar atmağa sövq edir. Birincisi, məsələ ondan ibarətdir ki, Rusiya açıq şəkildə bəyan edir ki, artıq 50-dən çox ölkə ilə savaşdadır. Yəni görünən düşmən Ukraynadır, lakin Rusiya hesab edir ki, əslində Qərb uzun müddətdir bu qarşıdurmaya hazırlaşır. Digər yandan, artıq 50-dən çox ölkə, o cümlədən Qərb və NATO üzvü olan dövlətlər Ukraynaya böyük coşqu və həvəslə dəstək verirlər, silah-sursat göndərir, maliyyə və logistika dəstəyi göstərirlər. Faktiki olaraq, görünür ki, Rusiya üçün Ukrayna məsələsi artıq ikinci plana keçir və yeni hədəflər müəyyənləşir. Rusiya xüsusilə həmsərhəd olan NATO üzvü ölkələrini hava hücumlarına qarşı müdafiə sistemlərinin hazırlıq səviyyəsini yoxlayır. Bu tip müharibələrin ilk xəbərçilərindən biri demək olar ki, Azərbaycan olub. Azərbaycan Ermənistanın bütün silahlı sistemini tərk-silah edib, uğurlu hücumlarla torpaqlarını azad edib. Texnoloji yeniliklərdən istifadə etməklə, Azərbaycan dünyanı heyrətləndirib və bu təcrübə artıq digər ölkələr üçün nümunə sayılır. Aydındır ki, istər kəşfiyyat orqanları, istər siyasi elitalar, istərsə də ordu komandanlığı bu proseslər barədə daim məlumatlandırılır. Əsas məqsəd texnoloji üstünlükləri nümayiş etdirməklə həm qorunmanı, həm də strateji üstünlüyü təmin etməkdir. Etibarlı qorunmadan söhbət gedir və eyni zamanda potensial düşmənlərin risklərini vaxtında görmək, dəyərləndirmək, qiymətləndirmək və dəf etmək imkanları da nəzərə alınmalıdır".
Müsahib bildirir ki, bu baxımdan deyək ki, Rusiya artıq gizlətmir ki, hücum mövqeyinə keçib:
"Çünki Rusiya açıq şəkildə bildirir ki, 50-dən çox ölkə ona qarşı vuruşur. Üzdə Ukrayna görünür, amma əslində bu ölkələrin hamısı pərdə arxasındadır. Rusiya isə indi cavab vermək gücündədir. Bu, həm də Rusiyanın böyük potensiala və strateji resurslara malik olduğunu göstərir. Təbii ki, bu proseslər dünya müharibəsi ehtimallarını da yada salır. Avropa nisbətən kiçik bir qitə olsa da, texnoloji hazırlıq və orduların qabiliyyəti baxımından irəlidə gedən region sayılır, xüsusilə də aparıcı ölkələri. Amma burada İngiltərə və Fransanın tam hazırlıqlı olduğunu demək çətindir. Onların orduları həm say baxımından azdır, həm də bu ölkələr tarixən başqalarının əli ilə müharibə aparmağı bir strategiya kimi tətbiq ediblər və bu gün də həmin yanaşmanı davam etdirirlər. Onların elə bir ehtiyacı yoxdur ki, birincisi, militarizm xərclərini, yəni orduya ayrılan vəsaiti ciddi şəkildə artırsınlar, köklü şəkildə səfərbərlik elan etsinlər və s. Yəni buna hələlik ciddi ehtiyac duyulmur. Amma istər verilən siqnallar, istərsə də yayılan xəbərlər göstərir ki, Rusiya artıq öz kritik xətlərini keçməyə hazırlaşır. Bu da, demək olar ki, kollektiv Qərbin Rusiyaya olan nifrətinin, təzyiqlərinin və qəzəbinin cavabı kimi görünür. Əslində NATO hava məkanının pozulması bölgədə ciddi təhlükəsizlik narahatlığı yarada bilər. Təhlükəsizlik məsələsi də elə buradan başlayır, təhlükələr varsa, deməli təhlükəsizlik zəifdir. Texnoloji müharibələrin əsas göstəricilərindən biri pilotsuz uçan aparatların geniş istifadəsidir. Bu artıq beynəlxalq səviyyədə bir trendə çevrilib. Bəzi ölkələr elə sistemlərdən istifadə edirlər ki, qarşı tərəfi dərhal reaksiya verməyə və ya müdafiəyə məcbur edirlər, nəticədə problemlər yaranır. Bu proseslər artıq qaynar nöqtəyə yaxınlaşır. NATO komandanlığı hərəkətə keçmək məcburiyyətində qalır, baxmayaraq ki, hazırkı hazırlıq səviyyəsi yüksək deyil. Risklər tam aydın şəkildə görünməsə də, onlar indiyə qədər sanki təxirə salırdılar. Amma artıq həyəcan təbili çalınır və hərəkətə keçməli olurlar".
Səmayə Səftərova