Xüsusi karantin rejiminin müddəti nə vaxta kimi uzadılıb?
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, xüsusi karantin rejiminin davam etməsi cəmiyyətdə birmənalı qarşılanmır:
“Xüsusi karantin rejiminin davam etməsi ilə bağlı cəmiyyətin davranışları birmənalı deyil. Buna qarşı açıq etirazlar da var, narazılıqlar da. Cəmiyyətin təxminən üçdə biri vəziyyəti anlayışla qarşılayır, üçdə biri narazıdır, digər bir hissə isə narazılığını açıq şəkildə ifadə edir. Cəmiyyətdə bu məsələ təkcə koronavirusla bağlı deyil, digər sosial problemlərlə də əlaqəlidir. İnsanlar ümumi vəziyyəti regiondakı sosial-siyasi şəraitə uyğun qiymətləndirirlər. Sərhədlərin qapalı qalması müəyyən gərginlik, narahatlıq və inkişafla bağlı məhdudiyyətlər yaradır. Lakin bununla yanaşı, sabitlik və təhlükəsizlik baxımından risklərin azalması ehtimalı da mövcuddur. Əgər məhdudiyyətlər uzadılırsa, bu heç kəs üçün xoş deyil. Amma müəyyən səbəblər var və bu qərarlar əsaslandırılan şəkildə qəbul olunur. Hazırda ölkə daxilində ciddi məhdudiyyətlər yoxdur. İnsanların hərəkəti və fəaliyyəti əsasən sərbəstdir. Məhdudiyyətlər daha çox ölkəyə giriş-çıxış və nəqliyyat sahəsindədir. Bu vəziyyət sosial-iqtisadi sahəyə də təsir göstərir. Bu məhdudiyyətlər insanların sosial davranışına, iqtisadi fəaliyyətinə, xarici əlaqələrinə və maddi rifahına müəyyən təsir göstərir. Xüsusilə, əmək miqrasiyası ilə məşğul olan şəxslər üçün çətinliklər yaranır”.
Sosioloq hesab edir ki, müəyyən yumşalmalar mümkündür:
“Bəzi məhdudiyyətlərin yumşaldılması, məsələn, kvotaların tətbiqi və ya nəqliyyatın mərhələli bərpası mümkündür. Bu istiqamətdə addımlar atılması məqsədəuyğun olar. Düşünürəm ki, bu məhdudiyyətlər tədricən yumşaldılmalı və aradan qaldırılmalıdır. Proses mərhələli şəkildə aparılarsa, həm cəmiyyət, həm də dövlət üçün daha optimal nəticə əldə etmək mümkün olar”.
Qərara əsasən, koronavirus infeksiyasının yayılmasının və mümkün fəsadlarının qarşısının alınması məqsədilə karantin rejimi 2026-cı il 1 iyul saat 06:00-dək qüvvədə qalacaq. Qeyd edək ki, əvvəlki qərara əsasən bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək nəzərdə tutulub.
Fatimə Hüseynli