00:00:00
Yazar
Güllər Gülhüseynova
02.04.2026 21:35 66 4 dəq oxuma
Siyasət

Yalandır- İrandan Trampın atəşkəs açıqlamasına reaksiya

Yalandır- İrandan Trampın atəşkəs açıqlamasına reaksiya

İran atəşkəs üçün ABŞ-yə müraciət etməyib.

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
O bildirib ki, İranda ABŞ ilə danışıqlar məsələsini müzakirə etməyə hazır deyillər.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın İranla bağlı açıqlamalarının məqsədi ilə bağlı fərqli yanaşmalar mövcuddur və bu fikirlərin hansının reallığı əks etdirdiyi hələ də aydın deyil:

 

“İranın atəşkəs istəməsinə dair Trampın dedikləri İran tərəfindən yalanlanır. Açığı, son vaxtlar belə bir təsəvvür var ki, Tramp bəzən həqiqət olmayan məsələləri deyir, yəni qeyri-ciddi danışır. Hətta belə bir yanaşma da var ki, Trampın bütün dedikləri daha çox birjalara təsir üçündür, yəni o qiymətlərin - xüsusilə neftin qiymətlərinin qalxmasını-enməsini balanslaşdırır. Yəni o, daha çox birja üzərində oynayır. Başqa bir yanaşma da var. Belə hesab edirlər ki, əslində Tramp həqiqətləri deyir, sadəcə olaraq İran tərəfi bunu etiraf etmir, boynuna almır, amma sonra Trampın dedikləri başqa bir formada öz əksini tapır. Gerçəyi müəyyənləşdirmək çətindir, çünki burda iki tərəf var və eyni mövqe sərgiləmir. Biri digərini yalanlayır, biri digərini təsdiqləmir. Məncə, bu açıqlamalar daha çox Amerikanın və Trampın maraqlarına xidmət edir. Ola bilsin, Amerika doğrudan danışıqlar aparır, ola bilsin, Amerika həqiqətən birjalara təsir etmək, bahalaşmanın qarşısını almaq üçün bu açıqlamaları verir. Doğrudan da, Amerika İrana qarşı ciddi hazırlıqlar içindədir. Quru qoşunları çıxartmaq üçün sanki İranın başını qatır, əlverişli məqamı seçmək ərəfəsindədir. Ona görə də, belə açıqlamalarla bir növ İranın oyaqlığını, sayıqlığını aradan qaldırmağa çalışır. Hər halda, proseslərin gedişatı tərəflərdən kimin haqlı olduğunu və ya bu açıqlamaların nəyə xidmət etdiyini göstərəcək”.

 

Ekspert qeyd edib ki, ABŞ və İranın zidd mövqeləri və uzlaşmanın olmaması danışıqlar prosesini çətinləşdirən əsas amillərdəndir:

 

“Ziddiyyətlərə gəldikdə, Tramp demişdi ki, İran tərəfi danışıqlar aparır, amma bunu etiraf etməyə qorxur. SEPAH-dan qorxurlar, xalqdan qorxurlar. Burada açıqlamaların fərqli məqsədləri var. O açıqlamaların birbaşa müharibə ilə deyil, başqa məqamlarla daha ciddi əlaqəsi var. Yəni konkret birjalar, neftin qiymətinin sabit saxlanılması, bahalaşmanın qarşısının alınması, ümumiyyətlə, dünyada o gərginliyi söndürmək, Amerikanın daxilindəki o ictimai rəyin Tramp administrasiyasının əleyhinə işləməsinin qarşısını almaq. Çünki belə açıqlamalar olduqda Amerikada belə bir fikir yaranır ki, İran doğrudan məğlubiyyət ərəfəsindədir və yalvarır. Yəni hər şey Trampın nəzarətindədir. Bu, Amerikanın fəaliyyətlərinə bəraət qazandırmaq üçün psixoloji təsir də yaradır. İran tərəfinə gəldikdə, onlar həqiqəti də deyə bilərlər. Amma Xarici İşlər naziri etiraf edib ki, Amerika və İran rəsmiləri arasında mesajlaşma, kommunikasiya var. Düzdür, bunu danışıqlar hesab etmirlər, amma konkret olaraq o, özü ilə Vitkof arasında hansısa yazışmaların olduğunu etiraf edib. Mövqelərin zidd olması həm də onunla izah olunmalıdır ki, bunlar savaşdadırlar. Konkret olaraq Amerika istəyir ki, İran təslim olsun, saziş imzalasın, Amerikanın deyilən və deyilməyən şərtlərini qəbul etsin. İransa bu şərtləri qəbul etməkdən yayınır. Təbii ki, bu da bir formada bu açıqlamalarda ziddiyyət formasında yansıyacaq.
Əlbəttə, bu fərqli mövqelər danışıqların çətinləşməsinə təsir edə bilər, amma ciddi deyil. Məncə, danışıqların getməsinə əsas maneə oradan gəlir ki, tərəflər uzlaşmır. İranın istədikləri ilə Amerikanın istədikləri fərqlidir. Bəlkə də, yalnız İran deyil, İranın arxasında olan güclərlə Amerikanın mövqeləri toqquşur. Amma bir gerçəklik də var ki, Amerika güclü tərəfdir. Biz ümumiyyətlə, Amerikanın qalib gəlməməsini onun məğlubiyyəti, İranın da məğlub olmamasını onun qələbəsi kimi təqdim edən bir mətbuatı, bir yanaşmanı da görürük. Danışıqların olmamasının əsas səbəblərindən biri də odur ki, İran əslində bu gün bir formada sanki başsızdır. Siyasi liderin ortada olmaması müəyyənlikləri çətinləşdirir. İran tərəfdən bu gün konkret qərarları kim verir məsələsi açıqdır. Siyasi məsuliyyəti üzərinə götürüb Amerika ilə ya danışaq, ya vuruşaq deyə bir siyasi güc ortada olmadığına görə də bir qədər qeyri-müəyyənlik uzanır. Amma eyni zamanda yəqin ki, Amerikanın şərtləri də hələlik İran üçün məqbul deyil. İran da görünür, o qədər küncə sıxışdırılmayıb ki, bu şərtlərlə razılaşsın. Ona görə də, sanki danışıqlar bir az uzanır”.

 

Lalə Qurbanlı

#atəşkəs #gündəm #reaksiya #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər