Konqres seçkilərindən sonra Xameneidən ilk mesaj: ABŞ siyasətində dəyişiklik gözləyənlər yanılır
İranın dini lideri Müctəba Xamenei ABŞ-da Prezident Donald Trampın partiyasının aralıq seçkilərdə məğlubiyyətindən sonra verdiyi açıqlamada Vaşinqtonun siyasətində dəyişiklik gözləyənlərin “ciddi yanılğı içində olduğunu” bildirib.
İnternet saytında yayımlanan yazılı açıqlamasında Xamenei, “Hegemonik sistemin davranışlarının siyasi partiyalar və ya qruplar arasındakı dəyişikliklərlə fərqlənə biləcəyinə dair ən kiçik ümid bəsləyənlər və ya ABŞ-a güzəştə getməyin onun İran xalqına qarşı düşmənçiliyinin qarşısını ala biləcəyini düşünənlər ciddi yanılğı içindədir”, - ifadələrini işlədib.
Qeyri-rəsmi nəticələrə görə, Demokratların Konqresin hər iki palatasında çoxluğu əldə edə bilməsinin əsas səbəblərindən birinin yaşayış xərclərinin, gömrük tariflərinin və yanacaq qiymətlərinin artmasına səbəb olan İran müharibəsinə qarşı reaksiyalar olduğu bildirilir.
ABŞ və İsrail mətbuatında son həftələrdə seçkilərdən sonra İrana qarşı hücumların yenidən başlaya biləcəyi ilə bağlı iddialar gündəmə gəlmişdi. Hətta ABŞ-ın İrana nüvə silahı ata biləcəyi də irəli sürülmüşdü. Bu xəbərlərdən sonra Xameneinin “coğrafi sərhəd tanımayan” cavab veriləcəyi barədə xəbərdarlıq etdiyi bildirilmişdi.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ-da keçirilən aralıq seçkilərdən sonra “Vicdan məsələsidir, yoxsa xərc? ABŞ xalqı müharibəyə yox dedi və biz bu mesajı dəstəkləyirik”,- deyə bildirib.
57 yaşlı Xamenei müharibənin əvvəlində keçirilən ABŞ-İsrail hava hücumları zamanı atası Ayətullah Əli Xameneinin həyatını itirməsindən sonra dini lider seçilmişdi. O, vəzifəyə gəldiyi gündən etibarən açıqlamalarını yazılı şəkildə çatdırır.
CNN Türk
Aynur Əhmədli