Yanvarda Ukraynanın taleyi ilə bağlı mühüm qərar veriləcək
2026-cı ilin yanvarında Parisdə “İstəklilər koalisiyası”nın iclasında Ukrayna üçün Avropa və ABŞ-nin təhlükəsizlik zəmanətləri yekunlaşdırılacaq. Bu barədə “European Pravda” qəzeti Yelisey sarayının rəsmisinə istinadən məlumat yayıb. Zəmanətlər üç xəttdən ibarət olacaq: Ukrayna ordusuna uzunmüddətli dəstək, Ukraynada koalisiya ölkələrinin hərbi kontingentinin yerləşdirilməsi və ABŞ-nin NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik öhdəlikləri.
Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Avropa ölkələrinin Ukraynada hər hansı kontingent yerləşdirilməsi barədə düşünməsi və bu istiqamətdə addım atmaq istəyi, təbii ki, məcburiyyətdən doğan bir haldır:
“Əks halda, xüsusən də dünyada həm iqtisadi, həm siyasi qarşıdurmaların, hərbi müharibələrin, silahlı toqquşmaların yaşandığı bir dövrdə heç bir ölkə öz üzərinə əlavə yük götürərək başqa bir ölkəyə kontingent göndərməz, büdcə və dövlət xərclərini artırmaz. Bu gün Avropa dövlətləri belə bir əlavə xərcə və ciddi təhlükəsizlik riskinə razı olurlarsa, deməli, onları buna vadar edən ciddi səbəblər mövcuddur. Bu səbəb isə ondan ibarətdir ki, Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçı addımlar əslində bütün Avropaya ünvanlanmış bir mesajdır. Bu mesaj Avropanın şərq cinahında ciddi təhlükənin mövcud olduğunu göstərir”.
H.Səhrablı bu proseslərin Azərbaycanın beynəlxalq tərəfdaşlarla təhlükəsizlik münasibətlərinə necə təsir göstərəcəyi məsələsi ilə bağlı qeyd edib ki, Azərbaycan bu gün xarici siyasətini həm Rusiya ilə, həm də şərq bloku adlandırıla bilən ölkələrlə, eyni zamanda qərb bloku ölkələri ilə elə bir balanslı şəkildə formalaşdırıb ki, heç kim Azərbaycandan açıq şəkildə tərəf seçməsini gözləmir:
“Belə bir tələb nə mövcuddur, nə də qoyula bilər. Çünki Azərbaycan vasitəsal ölkə deyil, kiminsə təsiri altında olan dövlət də deyil. O, tam müstəqil xarici siyasət yürüdən nadir ölkələrdən biridir və bunu istər Rusiya, istər Çin, istərsə də Avropa və ABŞ çox yaxşı anlayır. Azərbaycan nə onlara qarşı, nə də başqalarına qarşı addım atacaq, həmçinin hansısa tərəfə qarşı formalaşan bloklaşmalarda yer almayacaq.
Bu baxımdan düşünürəm ki, Ukrayna münaqişəsi nə qədər dərinləşsə də, sırf bu münaqişənin Azərbaycana birbaşa zərər verəcəyi və ya Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərində ciddi çətinlik yaradacağı real görünmür. Çünki qeyd etdiyimiz kimi, həm ABŞ-də, həm Çində, həm Rusiyada, həm də Qərbi Avropa dövlətlərində çox yaxşı başa düşürlər ki, Azərbaycan nə onlara qarşıdır, nə də onların düşmənlərinə qarşı hər hansı bir mövqedə yer alır. Azərbaycan heç bir halda hərbi bloklarda iştirak etməyəcək, kiməsə qarşı müttəfiq, kiməsə qarşı isə düşmən rolunda çıxış etməyəcək. Məhz buna görə də beynəlxalq münasibətlər sistemində heç kim Azərbaycanı hərbi münaqişələrdə nə düşmən, nə də konkret tərəfdaş kimi görür.
Nəticə etibarilə, beynəlxalq əlaqələrdə dövlətlər Azərbaycanla ənənəvi iqtisadi-siyasi münasibətləri davam etdirəcəklər və bu yanaşma dəyişməz olaraq qalacaq”.
Ləman Mahmudlu
