Yaponiya və ABŞ: Yeni siyasi dövrdə iqtisadi əməkdaşlıq daha da güclənəcək
Yaponiya və ABŞ arasında ticarət əlaqələri yeni siyasi dövrdə də davam edəcək. Yaponiyada hakimiyyət dəyişikliyinə baxmayaraq, iki ölkə arasında iyul ayında imzalanan ticarət sazişinin qüvvədə qalacağı təsdiqlənib. ABŞ-nin ticarət naziri Hovard Lutnik və yaponiyalı həmkarı Ryosey Akadzava arasında keçirilən telefon danışığında tərəflər iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və sazişin səmərəli icrasına sadiq qaldıqlarını bildiriblər. Yeni baş nazirin qadın olması isə Yaponiyanın siyasi tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu dəyişiklik Yaponiya ilə digər ölkələr, xüsusilə də ABŞ arasında münasibətlərdə mühüm rol oynaya bilər:
"Hazırda dünya miqyasında Amerika ilə Çin arasında iqtisadi və siyasi rəqabət gedir, bu isə regiondakı balanslara da təsir göstərir. Çin artıq dünya ticarətində və iqtisadiyyatında ABŞ-ni geridə qoymaq üzrədir. Bu vəziyyətdə Yaponiya kimi güclü və strateji tərəfdaşın ABŞ üçün önəmi artır. Çin və Yaponiya arasında tarixən milli münaqişələr mövcuddur. Yaponiya Çinin dominant güc kimi yüksəlişini qəbul etmir. Bu səbəbdən ABŞ üçün Yaponiyanı tərəfdaş kimi saxlamaq və onun vasitəsilə bölgədə tarazlıq yaratmaq olduqca əhəmiyyətlidir. Amerika Birləşmiş Ştatları Yaponiya ilə əməkdaşlıqdan imtina etməyəcək, əksinə, bu əlaqələr daha da genişlənəcək. ABŞ Çin faktorunu zəiflətmək üçün Yaponiyadan iqtisadi müstəvidə daha fəal şəkildə istifadə etməyə çalışacaq. Təbii ki, 1945-ci ildə baş verən atom bombası hadisəsi Yaponiyanın yaddaşında silinməz izlər buraxıb, lakin zaman keçdikcə ölkələr arasında yaranmış tarixi gərginliklər aradan qalxmağa məhkumdur. Yaponiya və ABŞ arasında gələcək əməkdaşlıq daha çox iqtisadi və ticarət sahələrində inkişaf edəcək. Hazırda beynəlxalq münasibətlərdə iqtisadi əlaqələr əsas prioritet sayılır. ABŞ dünyanın aparıcı supergücüdür və Yaponiya ilə münasibətlərində də iqtisadi əməkdaşlıq ön plandadır. Çünki siyasi istiqamətdə ABŞ üçün bu əlaqələrin o qədər də həyati əhəmiyyəti yoxdur, əsas məqsəd ticarət və iqtisadi tərəfdaşlığı möhkəmləndirməkdir”.
Politoloq əlavə edib ki, Çin faktoru aradan qalxmayınca, ABŞ və Yaponiya arasındakı iqtisadi əlaqələr artan xətt üzrə inkişaf edəcək:
"Yeni hökumətin qadın baş nazir tərəfindən idarə olunması Yaponiyanın siyasi həyatında mühüm dönüş nöqtəsidir. Qadın liderlərin siyasətə gəlişi adətən daha humanist və mülayim yanaşma gətirir. Tarixə nəzər salsaq, görərik ki, qadınların rəhbərlik etdiyi hökumətlərdə daha diplomatik və sosial yönümlü siyasət yürüdülüb. Bu baxımdan Yaponiyanın ilk qadın baş naziri Sanae Takaiçinin fəaliyyəti ölkənin daxili və xarici siyasətinə yeni nəfəs gətirə bilər. ABŞ-Yaponiya münasibətləri yeni mərhələdə daha da güclənəcək, xüsusilə də ticarət və iqtisadi sahələrdə əməkdaşlıq dərinləşəcək".

Sura Əliyeva
