00:00:00
Yazar
Admin User
02.10.2025 16:56 107 2 dəq oxuma
Siyasət

“Yaponiyanın bu addımı beynəlxalq ictimaiyyətə də mesajdır”

“Yaponiyanın bu addımı beynəlxalq ictimaiyyətə də mesajdır”

Yaponiya hökuməti Çinin bölgədəki hərbi fəaliyyətləri ilə bağlı rəsmi etiraz notasını Pekinə təqdim edib. Tokio bildirir ki, bu addımlar regional sabitliyi pozur və beynəlxalq hüquq prinsiplərinə ziddir. Bu addım iki ölkə arasındakı gərginliyi artırmaqla yanaşı, Asiya-Sakit okean regionunda təhlükəsizlik balansını da ciddi şəkildə təsir edə bilər.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Çinin Yaponiyaya yaxın ərazilərdəki hərbi fəaliyyəti Yaponiyanın milli təhlükəsizlik sistemində ciddi narahatlıqlar yaradıb:


“Bu addımların davam etməsi Tokio üçün strateji risklər yaradır və buna görə də Yaponiya hökuməti rəsmi etiraz notasını Pekinə təqdim edib. Bu nota yalnız diplomatik protokol deyil, həm də iki ölkə arasında gərginliyin bariz əlamətidir. Əsas sual Çinin bu etiraz notasına necə reaksiya verəcəyidir. Əgər Çin hərbi fəaliyyətini davam etdirərsə, Yaponiya-Çin münasibətləri ciddi şəkildə gərginləşə bilər. Bu gərginlik yalnız iki ölkə ilə məhdudlaşmır, regionda təhlükəsizlik balansına da birbaşa təsir göstərir. Yaponiya üçün təhlükə təkcə Çindən gəlmir. Qonşu Şimali Koreya və Pekinin bu ölkəyə verdiyi dəstək Yaponiyanın narahatlığını artırır. Bu kontekstdə Tokio etiraz notasını beynəlxalq hüquq prinsipləri və regional stabilliyi qorumaq məqsədilə göndərib. Çin və Şimali Koreyanın orta və uzunmüddətli hərbi və strateji planları Yaponiyanın cavab tədbirlərini sürətləndirə bilər ki, bu da regionda gərginliyi artırır.
Yaponiyanın bu addımı beynəlxalq ictimaiyyətə də mesajdır. Yaponiya təkcə milli təhlükəsizliyini qorumaqla kifayətlənmir, eyni zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq regionda sülhün qorunmasını tələb edir. Bu, digər dövlətlər üçün də bir xəbərdarlıq xarakteri daşıyır”.

 

Həmçinin şərhçi qeyd edib ki, Yaponiya və Çin arasındakı bu gərginlik iqtisadi və diplomatik sahələrdə də öz əksini tapır:

 

“Ticarət və enerji əməkdaşlığı bu prosesdən təsirlənə bilər, iki ölkə arasındakı dialoq və razılaşmalar ləngiyə bilər. Bu baxımdan, etiraz notası həm də strateji diplomatik addım kimi qiymətləndirilir. Əgər Çin bu hərbi fəaliyyətləri davam etdirərsə, regionda digər dövlətlər də öz müdafiə strategiyalarını gücləndirməli olacaq. Bu isə Asiya-Sakit okean regionunda hərbi xərclərin artmasına, təhlükəsizlik gərginliyinin yüksəlməsinə və qarşılıqlı etimadsızlığın möhkəmlənməsinə gətirib çıxara bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər