Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh istəyir, Moskva hərbi cavab verir
Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh müqaviləsi imzalamaq istədiyini açıqlayıb. Buna cavab olaraq Rusiya ağır bombardmançı və iki döyüş təyyarəsini Yaponiyanın yaxınlığında uçuşa göndərib. Qeyd edək ki, baş nazirin mentoru, mərhum Şinzo Abe, Putinlə yaxın münasibətlərə malik idi.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, Yaponiyanın yeni baş nazirinin Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyəti Asiya geosiyasətində diqqətçəkici bir hadisə kimi qiymətləndirilir:
“Bu addım, uzun illər Kuril adaları ətrafında davam edən ərazi mübahisəsinin və II Dünya müharibəsindən bəri imzalanmamış sülh sazişinin fonunda baş verir. Baş nazirin bu bəyanatı regionda diplomatik dinamikanı dəyişdirə bilər. Xüsusilə Çin, Cənubi Koreya və ABŞ kimi aktorların Yaponiyanın Rusiya ilə yaxınlaşmasına necə reaksiya verəcəyi regional balans üçün mühüm əhəmiyyət daşıyır. Moskvanın dərhal hərbi cavab verməsi –bombardmançı və döyüş təyyarələrinin Yaponiyanın yaxınlığında uçuşu – Kremlin bu təşəbbüsü təhdid kimi qəbul etdiyini göstərir. Bu isə gərginliyin azalmadığı, əksinə, qarşılıqlı etimadın hələ formalaşmadığını nümayiş etdirir. Yaponiyanın daxili siyasətində bu addım həm risk, həm də fürsət daşıyır “.
Politoloqun sözlərinə görə, cəmiyyətin bir hissəsi sülh diplomatiyasını pozitiv qarşılayaraq iqtisadi sabitliyin və regional əməkdaşlığın artacağına inanır :
“ Digər tərəfdən, mühafizəkar dairələr Rusiyaya qarşı yumşaq mövqeni təhlükəli hesab edir və təhlükəsizlik baxımından ABŞ ilə müttəfiqliyin zəifləməsindən narahatdır. Bu səbəbdən baş nazirin reytinqi ictimai rəyin istiqamətindən asılı olaraq dəyişə bilər. Əgər diplomatik təşəbbüs konkret nəticələr doğurmazsa və Rusiya hərbi təzyiqini davam etdirsə, hökumətin dəstəyi azala bilər. Müdafiə siyasəti baxımından isə, Rusiya ilə münasibətlərin potensial yumşalması Yaponiyanın təhlükəsizlik doktrinasında müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Əgər Moskva ilə dialoq qurularsa, Tokio diqqətini Çin və Şimali Koreyadan gələn təhlükələrə yönəldə bilər. Lakin hazırkı gərginlik şəraitində Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlığını zəiflətməsi real görünmür. Əksinə, Moskvanın sərt reaksiyası Tokioya göstərir ki, sülh təşəbbüsləri hər zaman qarşı tərəfdə müsbət qəbul edilmir. Beləliklə, Yaponiyanın qarşısında duran əsas dilemma budur: diplomatik cəhdlərlə sülhə yaxınlaşmaq, yoxsa mövcud müttəfiqlik sistemini daha da gücləndirmək “.
Mələk Hüseynova