“Yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir”-ŞƏRH
Slovakiya Azərbaycanla iqlim dəyişikliyi çağırışlarının birgə həlli üçün əməkdaşlığın genişləndirilməsini təklif edib. Bu barədə Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun WUF13 tədbiri çərçivəsində bildirib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Mövzu ilə bağlı ekoloq İlqar Xəlilov “İnformator.az”a açıqlamasında bildirib ki, Slovakiya COP29 çərçivəsində də Azərbaycanla yaşıl enerji və iqlim siyasəti sahəsində əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib:
“Slovakiya Azərbaycana karbon emissiyasının azaldılması istiqamətində yaşıl enerji mənbələrindən daha geniş istifadə olunmasını təklif edib. Xüsusilə külək, günəş, geotermal və su enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması və ekoloji layihələrin genişləndirilməsi əsas əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır. Bununla yanaşı Slovakiya yaşıl texnologiyalar və iqlim maliyyələşdirilməsi sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Ekspert qeyd edib ki, bu əməkdaşlıq həm Azərbaycan, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır:
“İqlim dəyişiklikləri artıq qlobal təhlükə kimi qiymətləndirilir və dövlətlər bu istiqamətdə ortaq fəaliyyət modelinə üstünlük verirlər. Azərbaycanın alternativ enerji layihələrinə artan marağı və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ölkənin regiondakı mövqeyini daha da gücləndirir. Slovakiya ilə bu sahədə əməkdaşlığın inkişafı Azərbaycanın həm enerji keçidi, həm də ekoloji təhlükəsizlik istiqamətində yeni imkanlar əldə etməsinə şərait yarada bilər”.
Ayşə Müzəfərli